Hazırda ölkəmizdə üç FİFA referisi var: Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev. Sonuncu məhz bu ildən beynəlxalq dərəcəyə yiyələnib. Ancaq ötən sayımızda Paşayevlə bağlı bizə çatan maraqlı bir xəbəri diqqətinizə çatdırtmışdıq. Məlum olduğu kimi, yanvarın sonu-fevralın əvvəlində İspaniyanın Malaqa şəhərində UEFA hakimlər üçün toplanış təşkil etmişdi. Həmin seminarda ölkəmizi iki hakim təmsil edirdi. Əliyar Ağayev top-referilərlə bir düşərgədə yer almışdısa, yenicə FİFA referisi adını qazanmış Ömər nisbətən təcrübəsizlərin qrupunda idi.
Xatırladaq ki, həmin kurslar zamanı Əliyar fərqlənməyi bacarıb.
Belə ki, top-referilər arasında keçirilən fiziki testlər zamanı onun nəticəsi ən yüksək olub və azərbaycanlı hakim hamını qabaqlayıb. Bu uğur sayəsində Ağayevin yazda mötəbər oyunlara təyinat alacağı gözləniləndi. Paşayevə gəlincə, onun həm ingilis dilindən yazılı sınaqdan, həm də fiziki testlərdən (“Yo Yo” testi) zəif nəticə göstərdiyi bildirilir. Bizdə olan bilgiyə görə, o, normativdən aşağı nəticə göstərib. Bir neçə gün öncə isə UEFA-dan AFFA-ya məktub gəlib. Qurumdan bildirilib ki, Ömər Paşayevin nəticəsi qənaətbəxş deyil. Hətta baş katib Elxan Məmmədovun buna görə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və daha bir neçə nəfərin iştirakıyla iclas keçirdiyi deyilir. Bununla belə, onu da qeyd edək ki, zəif nəticə göstərməsinə baxmayaraq, mart-aprel aylarında Ömərə təyinat gələcəyi gözlənilir. Onun U-17-lərin turniri çərçivəsində hansısa oyuna çağırılacağı bildirilir.
"Futbol+" qəzeti ədalət təmsilçisinin özü ilə əlaqə saxlayıb, zəif nəticə göstərməsi ilə bağlı deyilənlərin həqiqət olub-olmadığını soruşub: “İmtahandan keçmişəm. Normativləri də vermişəm. Sadəcə, orda hər dərs test eləyirdik. Video-test, yazılı test və s. Bir testdə az bal topladım. Orda nə testlər olub, bütün nəticələr haqda AFFA-ya ümumi məlumat verirlər. İmtahandan keçə bilməsəydim, mənə oyun verməzdilər. “Yo-Yo” testi 18,2-di, mən də 18,2-də keçmişəm. Orda 3 nəfər kəsilib. Mən qaçmışam axıra kimi. AFFA-dakı görüş haqda heç nə bilmirəm. Nəsə ciddi bir şey olsaydı, məni də çağırardılar. Fitnes testindən kəsilməyim yalandı. Amma bilirəm ki, 6 dəfə verilən testlərdən – video epizodların müzakirəsi-filan, birindən az topladım. Ancaq əsas olan fitnesdi ki, ondan da keçmişəm. Kəsilsəm, yenidən getməli olardım. Çünki təyinat verməyəcəkdilər. Bizdə necədi? Kəsilir, imtahan verənə qədər oyun almır”.
Fanat.Az
mənbə: Rekord.az