Mahir Rüstəmli: “Bizi namərdlərin önündə tək qoymayın!”

Mahir Rüstəmli: “Bizi namərdlərin önündə tək qoymayın!”
"Futbol+" qəzetinin başı üzərini alan qara buludlar çəkilmək bilmir. Qəzetin baş redaktoru Mahir Rüstəmli son yazısında oxuculara müraciət edib. Həmin müraciəti sizə təqdim edirik:
 
Əziz oxucular! "Futbol+”in ötən sayında yer alan elandan da bildiyiniz kimi, aprelin 1-dən qəzetin dövriliyini azaltmağa, eyni zamanda qiymətini 10 qəpik artırmağa məcburuq.
Xatırlayırsızsa, sonuncu dəfə qiymət artımına təxminən dörd il əvvəl – 2015-in mayında getmişdik ki, həmin qərarı da şərtləndirən ciddi səbəblər var idi. Belə ki, 2015-də yaşanan iki devalvasiya nəticəsində manatın dollara nisbətdə 120 faizə qədər dəyərsizləşməsi bizi satış qiymətini 40-dan 50-yə qaldırmağa məcbur etmişdi. Ötən dörd ildə bütün məhsul və xidmətlərin müntəzəm bahalaşması fonunda qiymətə əl gəzdirməyi ağlımızın ucundan da keçirmədik. Çünki ölkədəki real iqtisadi durumu, oxucularımızın əsasən aztəminatlı təbəqələrdən olduğunu bilirik. Lakin KİVDF-nin 31 yanvar namərdliyi bizə başqa seçim imkanı qoymur. Faktiki biz indi yaşam mübarizəsi aparırıq. KİVDF-nin məlum qərarı ilə bağlı vaxtaşırı bilgi vermişik. Bu gün də belə hesab edirik ki, ölkənin ən polulyar idman nəşrini ayrı-seçkiliyə məruz qoymaq vicdansızlıq və Prezidentin idman siyasətinə qarşı getməkdi. Hələ də ümid edirik ki, Prezidentə qəzet və poçt vasitəsi ilə göndərdiyimiz müraciətlərdən hansısa ünvanına çatacaq, belə əcaib qərarla bağlı məntiqli izahat eşidəcəyik.
Dövrilik və qiymət artımı ilə bağlı qərar həm qəzeti qorumağa, həm də oxucuların həftə ərzində daha çox pul xərcləməməsinə hesablanıb. Təbii ki, oxucularımızdan anlayış, sadiqlik və etibar gözləyirik. Təxminən 22 ilə sığan qarşılıqlı xoş münasibətlər bizə bunu ummağa imkan verir.
Bəlkə də sırf qəzetin mətbəxinə aid, amma düşünürük ki, bu gün oxucunun da bilmək haqqı olan gerçəklər də var. Gerçəklərdən ən acısı odu ki, artıq mart bitmək üzrə olsa da, yayım şirkətlərindən yanvarda satılan qəzetlərin pulunu ala bilməmişik. Hər müraciətə isə artıq eşitməkdən bezdiyimiz "bir neçə gün də dözün” cavabını almaqdayıq. Bu qəzetdə çalışanların da ailə-uşağı var, hər kəs evinə 5 manat çörəkpulu aparmaq istəyir. Bu gün bazarda qəzet satan yayım şirkətlərinin işi isə faktiki bizi iflasa aparmaqdan başqa bir məqsədə xidmət etmir.
Satılan qəzetlərin pulunu da vaxtında ala bilmədiyimizi nəzərə alsaq, KİVDF-nin ayırdığı aylıq 5 min manat bizim üçün müəyyən mənada "nəfəslik”, xərclərin bir hissəsini qarşılamaq imkanı idi. Amma ayının min oyunu bir armudun başında olduğu kimi, oliqarxların KİVDF-nin siyahısına düşmək uğrunda güzəştsiz mübarizəsi də "Futbol+”in başında çatlayır.
Aprelin 1-dən qəzetin həyatında yeni mərhələ başlayır. Mövcud imkanlar daxilində "Futbol+”i qorumağa, ən azı əvvəlki səviyyəsində saxlamağa çalışacağıq. Əlbəttə, bu yolda ən böyük əziyyət kollektivin fədakar üzvlərinin üzərinə düşəcək. KİVDF-nin qəfil qərarı, amma əslində namərdliyi ilə üzləşən bizlər çiynimizi hansı yükün altına verdiyimizi dərk edirik. Bu yaşam mübarizəsində qədirbilən oxucuları da yanımızda görmək xoş olardı. Məhz sizin inamınız və sədaqətiniz bizə bütün çətinlikləri adlamağa imkan verəcək. Ölkənin media siyasətinə rəhbərlik edənlər, qəzetlərə şəxsi simpatiya müstəvisində yanaşanlar hər nə qədər vicdansızlığa yol versə də, bu yolda hələ uzun müddət birlikdə yürüyəcəyimizə əminik. Bizi namərdlərin önündə tək qoymayın!
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər