Çingiz Abdullayev yaxşıdı, ətrafı pis?

Çingiz Abdullayev yaxşıdı, ətrafı pis?

Amal Abuşov

Bu yaxınlarda ötənlərin məşhur qapıçısı Hüseyn Məhəmmədov qələm əhlini başına toplamışdı. Masanın baş tərəfində səbəbkar əyləşmiş, onun önündə isə alın təriylə qazandığı medal və mükafatlar düzülmüşdü. Yetərincə dəyəri qənimətlər idi. Yəqin ki, Azərbaycan futbolunda çox az adam tapılar ki, Hüseyn bəydən daha çox medalı var. Canlı tarix, futbolda ilk addımlarını atan yeniyetmələrə örnək göstəriləsi bir nümunə həyacanından tir-tir əsir, əsəbi halda cümlələri bir-birinin ardınca düzməyə çalışırdı. Baş verənlərdən xəbərdar olduğunuzə görə, təkrarlçılıq etməyəcəm. 

Belə bir insanı "Neftçi” özündən incik saldı, komandanın aşağı yaş qruplarındakı işindən çox ucuz bəhanələrlə uzaqlaşdırdılar. Özü də işində yol verdiyi hansısa nöqsana görə yox, nə zaman çəkildiyi bəlli olmayan hansısa bir şəklə görə. Heseyni ən çox yandıran da o idi. Əziyyətinin qarşılığında ona verilən bu "qiymət"ə yox, üzərinə atılan çamura görə narahat olur, əsəbləşirdi. "Mən "Turan”da futbol oynaya-oynaya cəbhə xəttində vuruşanlara silah-mərmi daşımışam” deyirdi. Söhbətin bu yerində Qarabağ müharibəsinin digər veteranı Dadaş Zeynalov da dilə gəldi.

Taleləri Hüseyn bəylə oxşar idi. Hər ikisi illərdi əmək verdikləri, tər tökdükləri iş yerlərindən urvatsız şəkildə uzaqlaşdırılıb. Hər ikisini bu vəziyyətə "Neftçi”nin yeni rəhbərliyi salıb. Hər ikisinin başına gətirilənlər mətbuatda yetərincə işıqlandırılıb, müzakirə olunub. Amma nə Dadaş Zeynalov "Neftçi”dəki işini itirəndə, nə də Hüseyn Məhəmmədovun adına qara yaxılanda klubun de-yure rəhbəri, yəni Müşahidə Şurasının sədri Çingiz Abdullayev bircə kəlmə də danışmayıb. Hörmətli xalq yazıçısı rəhbərlik etdiyi klubda xalqın balalarının başına gətirilən hoqqalara münasibət bildirməyi lazım bilməyib. Niyə, nə üçün? Özü daha yaxşısını bilir.

Ötən həftə cənab Abdullayev bir andaca ölkə mətbuatının qəhrəmanına çevrildi. Giley-güzar edir, şikayətlənirdi. Sosial şəbəkədə yazdığı status, dörd uşaq atasını işdən çıxarmağa çətinlik çəkməsi haqda fikirləri dillər əzbəri oldu. Çoxlarının dilindən "Əhsən”, "Əsl xalq yazıçısı belə olmalıdı”, "Çingiz müəllim xalqın dərdinə şərik olur” nidaları səsləndi. Onun bu davranışını, sözlü üsyanını mən də təqdir edirəm. Amma bir sual məni rahat buraxmır. Necə olur ki, daha əvvəl baş verənlərə görə səsini çıxartmırdı?

"Neftçi”dəki hakimiyyət dəyişikliyindən sonra işindən ayrılanların sayı onlarladı. Yuxarıda iki nümunəni xatırlatdım. Hələ neçə-neçə futbolçu illərdi formasını geydiyi, şərəfini qoruduğu klubdan mövsümün bitiminə bir-iki tur qalmış qovuldu. Mirhüseyn Seyidovla Elvin Yunuszadə sonradan "Neftçi”yə gətirilən hansı futbolçudan zəif idi ki? "Azərbaycan futbolunun inkişafı” adıyla "milliləşdirilmiş” Ruslan Qurbanovu pulsuz-parasız Xorvatiya klubuna göndərdilər. Amma Rusiyada oynamaq perespektivindən ana vətəninin millisi naminə imtina etmiş, istedadına və bacarığına görə 10 Ruslandan, maqalardan daha üstün Samir Məsimovun Sloveniyaya getməsinə min cür əngəl törədilir. Oynatmaya-oynatmaya Samiri ehtiyat oyunçular skamyasında məhv edirlər... 

Çingiz Abdullayev isə bütün bunlara susur. Olmaya, baş verənlər onun iradəsindən kənardadı, müdaxilə edə, səsini yüksəldə, haqsızlıqlara son qoya bilmir? Gümanımız min yerə gedir...

Sport7.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər