Həsənovun yalanabənzər həqiqəti- İYNƏ

Həsənovun yalanabənzər həqiqəti- İYNƏ

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnir Azərbaycan futbolu  üçün ciddi sınaqdı. Ciddiyə almışıq və almağa borcluyuqsa, əlavə şərhə əlyeri yoxdu. Bu dəfə Təbriz Həsənovun rəhbərliyi altında turnirə yollanan U-19-dan uğur umanların sayı daha çox idi. Niyəsini incələməyə belə dəyməz. Qısaca olaraq vurğulayaq ki, 16 komanda arasında yekunda 9-cu olan kollektiv yuxarıda qeyd etdiyimiz kimi, ciddiyə aldığı yarışa bacardığından da artığını etmək, “Azərbaycan futbolu inkişafdadı” demək üçün getmişdi.

Həsənovun yalanabənzər həqiqəti

“Bütün oyunlarda bəxtimiz gətirmədi” açıqlaması yığmanın baş məşqçisindən – Həsənovdan gəlmişdi. Yer aldığımız C qrupunda qaldığımız dəqiqləşəndən sonra Təbriz bəyin söylədiyi fikir həqiqətdən çox bəhanəyə, yalana bənzədi. Ancaq komandanın meydanda sərgilədiyi futbolu görənlər və anlayanların müəyyən qismi çalışdırıcıya haqq qazandıra bilərdi. Bəli, təmsilçimiz Litvaya yenildiyi oyun başda olmaqla, digər matçlarda da biabırçı futbol sərgiləməmişdi. Ancaq futbolu son vaxtlar tənəzzülə uğramış basketbol ölkəsinə boyun əymisənsə, ortada nəticə yoxdusa və komanda ötənilkindən pis yekunla (ötən il 8-ci olmuşduq) çıxışını başa vurubsa, hər şeyi bəxtin üstünə atmaq gülüncdü. Təbii, baş məşqçinin ortaya qoyduğu səbəbdən acizlik qoxusu gəlir.

 

“Bizi oyuna kökləməyi bacarmırlar”

Bu yaşda futbolçular üçün psixoloji hazırlıq olduqca vacibdi. Zaman Həsənovun və köməkçilərinin komandanı psixoloji cəhətdən turnirə hazırlamağı bacarmadığını üzə çıxardı. Qrup oyunlarında həyəcanın, uğur qazanmaq arzusunun altında qalan kollektiv futbol ictimaiyyətinə “bizi oyuna kökləməyi bacarmırlar” mesajı göndərdi. Elə 9-16-cı yerlər uğrunda keçirilən sonrakı matçlarda qazanılan zəfərlər də buna əyani sübutdu. Belə desək, psixoloji təzyiqi qrupda qoyan yeniyetmələr formal görüşlərdə nəyə qadir olduğunu sübuta yetirdi. Qəribədi,deyilmi?

 

Fərdləri qınamayaq

Adlarını çəkmək, “filankəs əla görünürdü” yazıb qoltuqlarını qarpızlandırmaq niyyətindən çox uzağıq. Ancaq turnirin oyunlarını diqqətdə saxlayanlar təsdiqləyər ki, U-19-un sıralarında gələcəyə ümidlə baxmağımıza oyunuyla əsas verən  kifayət qədər ad var. Yaxın keçmişdə “mən zibildən konfet düzəldə bilmərəm” açıqlamasıyla gündəmə gələn Şakir Qəribovun qulağından uzaq, bu uşaqların çoxundan futbolçu olar. Yaxşı mütəxəssis, düzgün istiqamət verən rəhbər tapılsa...

 

Klubları qınamaq absurddu

Hə, bizim klublar hələ Avropa səviyyəsinə aşağıdan yuxarı baxır. Uşaq və yeniyetmələrin yerli klublardakı illik oyun saylarını, məşq saatlarını məsələn, Belçika və ya Hollandiya təmsilçiləriylə müqayisə etsək, gülünc nəticələr alarıq. Ancaq bu fakt belə, yığma məşqçilərinin klubdakı həmkarlarını günahkar çıxarmasına əsas vermir. Futbolun sirlərini yeni-yeni öyrənən yeniyetmələrlə işləyən adam hər şeydən öncə fərdlərdən kollektiv formalaşdırmağı bacarmalı, mental xırdalıqların xiridarı olmalıdı. Təbriz bəy bu baxımdan turnir boyu “axsadı”.

Nəticə hər zaman önəmlidi

Baxırıq, izləyirik. Bəziləri bu yaşda uşaqlar üçün nəticənin vacib olmadığını qabardır, digərləri sovetlər dönəmindənqalma “əsas iştirakdır” prinsipiylə fikir yürütməyə davam edir.  Razılaşmırıq, nəticə hər zaman və bütün turnirlərdə vacibdi. Yeniyetmə qələbənin dadını, zəfərin gətirdiyi həyəcanqarışıq qürurun şirinliyini harda və nə zaman öyrənməlidi ki? Nəticə hər zaman önəmlidi. 1999-cu il doğumlu futbolçulardan danışırıqsa, hətta sınaq matçlarında da uğur vacibdi. Məgər bizim U-19 sözügedən turnirdən daha samballı yarışda sözünü deyəcək “çəki”dədi? Bir az realist olaq. Səhvlərimizdən nəticə çıxarmağı öyrənək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər