"Real Madrid"in prezidenti Florentino Peres Avropa Superliqası mövzusu ilə yenidən gündəmə gəlib.
Fanat.Az İspaniyanın "Marca" nəşrinə istinadən xəbər verir ki, "Digital Pandemia" portalının apardığı araşdırmalar nəticəsində sosial şəbəkələrdə, xüsusən də "Twitter"də Superliqa və birbaşa onun müəllifi Peresə dəstək məqsədi ilə saxta profillər yaradılıb.
Minlərlə "trol" və saxta hesab yeni turniri, həmçinin onun təsisçisini dəstəkləyən həştəq və tvitlər yayımlayıb. Eyni zamanda, "Twitter"də Superliqaya daxil olan yazıların təxminən yarısı izləyicisi və ya abunəsi olmayan hesablar tərəfindən yerləşdirilib.
İnternet hücumu həm də Superliqa layihəsini açıq şəkildə tənqid edən UEFA prezidenti Aleksander Çeferini gözdən salmaq məqsədi güdüb. Şəbəkədə müntəzəm olaraq saxta və boş profillərdən Çeferini tənqid edən yazılar peyda olub.
Xatırladaq ki, İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klublarının təsis etdiyi Avropa Super Liqasında İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandalar qpoşulmuş, lakin sonradan 9 klub layihədən imtina etmişdi.
Emin Şəmsiyev