25 ildi Trnava "Spartak"ının sahibi olan Vladimir Pur klubu satmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, yerli mediaya danışan klub sahibi bu addımı faşist azarkeşlər səbəbindən atdığını deyib.
"Artıq "Spartak"ın oyunlarını izləməyə getməyəcəm. Çünki azarkeş olduğunu iddia edən faşistlərlə mübarizə aparmaqdan yorulmuşam. Trnava futboluna ən böyük zərəri bunlar verir" deyə Vladimir Pur bildirib.
Klub rəhbəri bildirib ki, "Spartak"ı böhrandan çıxarıb və yeni rəhbərlik formalaşdırıb: "Spartak"ın maliyyə dəstəyinə ehtiyacı var idi, verdim. Yeni İdarə Heyəti, peşəkar idarəçilər gətirdim və böhrandan çıxdıq. "Spartak"ı həyatda saxladım. Amma artıq klub mənim üçün bitib".
Vladimir Pur bildirib ki, istədiyi pulu verən olsa, klubu satacaq.
Qeyd edək ki, "Spartak" 1923-cü ildə yaradılıb. 95 yaşlı klub ev oyunlarını Trnava şəhərindəki 19200 nəfərlik Antona Malatinskeho stadionunda keçirir. 1968/69 mövsümündə Çempionlar Kubokunda (indiki Çempionlar Liqası) yarımfinal, 1972/73 və 1973/74 mövsümlərində 1/4 final oynayan komanda cari mövsümdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az