Yay transfer dönəmində İtaliya B Seriyasında çıxış edən "Komo" klubuna keçən ispaniyalı yarımmüdafiəçi Sesk Fabreqas gələcək planları ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçu "Sky Sports"a müsahibəsində futbolçu karyerasını İtaliya klubunda bitirmək və məşqçi kimi çalışmaq istədiyini deyib.
"Komo"nun səhmlərinin bir qismini də alan futbolçunun fikirlərini təqdim edirik: "Premyer Liqa mənim liqam idi. Ən yaxşı futbolumu oynadığım, ən yaxşı illərimin olduğu, insanların mənə çox hörmət etdiyi yerdir. İngiltərədə çox sevilirdim. Gələcəkdə orada baş məşqçi kimi çalışmaq istərdim. Niyə də olmasın?
Bir neçə ildən sonrakı hədəflərim beynimdədir. Amma hər şeyi öz vaxtında, bir-birinin ardınca etməlisən. Mən hazırda "Komo"dayam və onun uğurları üçün buradayam. Bu, yaxşı layihədir. Görək oradan hara gedəcəyik?"
Qeyd edək ki, Sesk Fabreqas bu yay "Monako"nu azad agent kimi tərk edərək İtaliya B Seriyasına yollanıb.
Mirağa