DÇ: Bayramovu da finala buraxmadılar

DÇ: Bayramovu da finala buraxmadılar

Turan Bayramov dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, sərbəst güləş millimizin 70 kq çəki dərəcəsindəki üzvü Polşanı təmsil edən Məhəmmədmurad Hacıyevlə qarşılaşıb. 20 yaşlı idmançımız rəqibinə 2:4 hesabı ilə uduzub.

Bayramov sabah bürünc medal uğrunda mübarizə aparacaq.

***15:34

Sərbəst güləşçimiz Turan Bayramov dünya çempionatında növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən pəhləvanımız 1/4 finalda ikiqat dünya mükafatçısı Ceyms Qrinlə (ABŞ) qarşılaşıb. Rəqibini 6:5 hesabı ilə yenən 20 yaşlı Bayramov karyerasında ilk dəfə qatıldığı böyüklər arasında DÇ-də yarımfinala yüksəlib.

23 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi finala vəsiqə uğrunda Polşanı təmsil edən ikiqat Avropa çempionu, dünya ikincisi Məhəmmədmurad Hacıyevlə qarşılaşacaq.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə 18:45-də start götürəcək.

*14:40

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında həmyerlimiz Turan Bayramov növbəti mərhələyə vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, 70 kq-da yarışan sərbəst güləşçimiz dünya ikincisi Adam Batırova (Bəhreyn) 3:2 hesabıyla qalib gələrək mundialın 1/4 finalına yüksəlib.

1/8 finalda mübarizə aparan digər sərbəst güləşçimiz İslam İlyasov (97 kq) Belarus təmsilçisinə 3:4 hesabıyla məğlub olub.

***10:45

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün sərbəst güləş üzrə son iki çəki dərəcəsində mübarizəyə start veriləcək. Ölkəmizi 70 kq-da Turan Bayramov, 97 kq-da isə İbrahim İlyasov təmsil edəcək. 

Hər iki pəhləvanımız yarışa 1/8 finaldan qoşulacaq. Bayramov bu mərhələdə Zaur Əfəndiyev (Serbiya) / Adam Batırov (Bəhreyn) cütünün qalibi, İlyasov belaruslu Aleksandr Xuştin ilə üz-üzə gələcək.

Bu gün həmçinin 92 kq-dakı təmsilçimiz Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin güclüsü ilə münasibətləri aydınlaşdıracaq.

Təsnifat yarışları Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinal qarşılaşmaları 18:45-də, medal mübarizəsi 20:00-da start götürəcək.

Qeyd edək ki, hazırda millimizin hesabında bir medal var. "Bürünc" Abubakr Abakarovun (86 kq) sayəsində əldə olunub.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər