“Qələbə qazanmaqla hesabımıza 3 xal əlavə etdik. Düşünürəm ki, “Rəvan”a qalib gəlməyimiz müsbət emosiyalar yaratdı”. Fanat.az xəbər verir ki, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay deyib.
“Qəbələ” Topaz Premyer Liqasının XXII turunda “Rəvan” üzərində 1:0 hesablı qələbə qazanıb. Ardıcıl 3-cü dəfə meydanı 3 xalla tərk edən “qırmızı-qaralar”ı paytaxtdakı matça kapitan kimi meydana çıxaran Qay klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb.
Ukraynalı futbolçu həmçinin onu da əlavə edib ki, üzərində çalışmalı olduqları məqamlar çoxdu: “Bunların üzərində işləyəcəyik. Bu qarşılaşmada qalib gəlmək heç də asan olmadı. Lakin əsas 3 xal idi ki, onu da əldə etdik. Rəqibin görüşün hansısa bölümündə bizdən yaxşı oynadığını deyə bilmərəm. Müdafiəyə daha çox diqqət ayıran komandalara qarşı oynamaq çətin olur. Matç ərzində bir neçə dəfə fərqlənmək üçün imkan əldə etsəm də, zərbələrimdə dəqiqlik çatmadı. Buna o qədər də üzülmürəm. Çünki komandamızın qələbəsi daha vacibdi. Meydana 3 xal üçün çıxmışdıq ki, bunun da öhdəsindən gəldik. Artıq 3 turdu qalib gəlirik. “Xəzər Lənkəran”la növbəti turda da qələbə qazanmağa çalışacağıq. Bizi həmin qarşılaşmada yalnız qələbə qane edir”.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu fevralın 27-də keçiriləcək.
Fanat.az