"Bu il hədəf Avropa çempionluğudur" - MÜSAHİBƏ

"Bu il hədəf Avropa çempionluğudur" - MÜSAHİBƏ

Şahmat üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Xanım Balacayevanın Fanat.Az-a müsahibəsi

 - Son ölkə çempionatında ikinci oldunuz. Yarışda çıxışınızı və nəticənizi necə dəyərləndirirsiniz? - Daha yaxşı çıxış edə bilərdim. Amma ümumi götürəndə 2 ci yer də pis nəticə deyil.

- Ölkə çempionatının ümumi səviyyəsini necə qiymətləndirirsiniz? - Milli komandanın iki üzvündən - Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadan başqa yarışda Azərbaycanın ən güclü qadın şahmatçıları mübarizə aparırdı. Hər il olduğu kimi, bu il də çempionat gərgin mübarizə şəraitində keçdi.

- Xal itirdiyiniz hansı görüşlərdə qələbə qazanmaq mümkün idi? - 100 faizlik qələbəni əldən verdiyim bir görüş olmadı. Amma düşünürəm ki, fərqli debütlər seçərək daha yaxşı nəticə əldə etmək olardı.

- Sizi təəccübləndirən kimin çıxışı oldu? - Sonda dördüncü olan Nərmin Abdinovanın çıxışını deyərdim. Çox yaxşı çıxış etdi. 

- Qarşıda bir sıra beynəlxalq yarışlar var. Onlardan daha önəmliləri fərdi və komanda Avropa çempionatlarıdır. Hədəflər nədir? - Martdakı fərdi qitə çempionatında daha yaxşı çıxışa ümid edirəm. Komanda şəklində isə ardıcıl iki bürünc medaldan sonra hədəfimiz qızıl medaldır. 

- Qadınlar arasında qrossmeystersiniz. Bu dərəcəni yaxın zamanda artırmağı mümkün hesab edirsiniz? - Bəli. Kişilərin beynəlxalq usta normasını yerinə yetirmək üçün lazım olan iki balım var, daha biri lazımdır. 

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər