"Mançester Yunayted"in əfsanəsi Kriştianu Ronaldu (Cristiano Ronaldo) dünyanın ən yaxşı futbolçularından biri hesab olunur.
2003-cü ildə kluba Devid Bekhemin (David Beckham) əvəzinə gələn 18 yaşlı hücumçu komandası üçün gözləniləndən daha çoxunu etməyi bacarmışdı.
Bəs görəsən futbolçu klubda yüksək performans göstərəndə yerli mütəxəssislər və futbolçular onun barədə nə düşünürdü?
Fanat.Az Ser Aleks Ferqyuson (Sir Alex Ferguson), Roy Kin (Roy Keane) və futbol aləminin tanınmış simaların 18 yaşlı Ronaldu barədə dediklərini təqdim edir:
Ferqyuson Ronaldunun debütü haqda:
"Gözəl debüt idi. İlk hissədəki tempin çox yavaş olduğunu düşünürdüm və Kriştianunun oyunda dəyişiklik edəcəyinə əmin idim. Bu uşaqla diqqətli olmalıyıq. Unutmayın ki, onun cəmi 18 yaşı var".
Sem Elerdays (Sam Allerdyce), ingiltərəli futbol mütəxəssisi:
"Təzə gəldiyi zaman mənə Rayan Giqqsi (Ryan Giggs) xatırladırdı. İstənilən mövqedə oynaya bilir, hər iki ayağından istifadə edir və hər bir epizoda qaçır. Top onda olanda hər kəsin nəfəsi kəsilir"
Roy Kin
"Bunu neçə dəfə deməliyəm? Bu adam dahidir. Bunu təkrarlamaqdan bezmişəm"
Qari Nevill (Gary Neville)
"Ronaldo sizin üçün şoumen deyil, əsl peşəkardır... Xüsusi bir istedadı var. Bir saniyə də istirahət etmir. Daim çalışır və daha da yaxşı olmağa can atır".
Alan Hansen, futbol mütəxəssisi:
"Bəli, onun hazırda 19 yaşı var. Buna rəğmən deməliyəm ki, onun böyük istedadı var".
Xatırladaq ki, 12 il sonra yenidən "Mançester Yunayted"ə qayıdan ulduz futbolçu şənbə günü "Nyukal"a qarşı görüşdə debüt edəcək.
Emin Şəmsiyev