Dünən UEFA-nın 2021/2022 mövsümünün ən yaxşı oyunçusu mükafatını alan "Real Madrid"in hücumçusu Kərim Benzema bununla bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, fransalı forvard "kral klubu"nun rəsmi saytına danışıb:
“Komanda yoldaşlarıma, məşqçiyə və klubun prezidentinə təşəkkür etmək istəyirəm. Təbii ki, inanılmaz dəstəyi sayəsində geridönüşlərimizə kömək edən azarkeşlərimizə də həmçinin. Fikrimcə, Çempionlar Liqasında ən yaxşı oyunumuz PSJ-yə qarşı cavab qarşılaşması idi. Azarkeşlərimiz daha sonra fantastik dəstək göstərərək, nəticə qazanmağa kömək etdilər.
Ançelotti dünyanın ən yaxşı məşqçisidir, o, böyük peşəkardır. Mənə inam verir. Sevinirəm ki, o, mənim məşqçimdir. İlk dəfədir ki, bu mükafatı alıram, çox xoşbəxtəm. Amma mənim üçün ən vacib olan komandamla kuboklar qazanmaqdır”.
Qeyd edək ki, Benzema ötən mövsüm 15 qolla Çempionlar Liqasının bombardiri olub və "Real Madrid"lə beşinci dəfə turnirin baş kubokunu qazanıb.
Mirağa