Axundov qapıçını niyə cəzalandırmayıb?

Axundov qapıçını niyə cəzalandırmayıb?

Antalyada toplanışının son 3 günündə "Keşlə”nin düşərgəsini tərk edən Kamran Ağayevin Bakıya qayıtdığını xatırlayırsız.

  

Reklam çəkilişlərində iştirak etmək üçün Azərbaycana vaxtından tez dönən qapıçı 30 min manata görə qeyri-peşəkar addımda bulunmuşdu. Bəlli məsələdi, reklamçı şirkətlə anlaşmasına görə, həmin vaxt Bakıda olmasaydı, məbləğin yarısını itirəcəkdi. Ancaq bu da millinin əsas "çərçivə” qoruyucusuna haqq qazandırmaq üçün tutarlı fakt sayıla bilməz.

Fanat.Az-ın məlumatına görə, həmin olayın fəsadları klubdaxili abu-havada indi də qalmaqdadı. Qolkiper ona Bakıya qayıtmağa icazə verməyən baş məşqçi Tərlan Əhmədovun reputasiyasına zərbə dəyməsinin bir nömrəli səbəbkarıdı. İş ondadır ki, məşqçilər və komanda qarşısında Kamranın özbaşınalığının cəzasız qalmayacağına söz verən Zaur Axundov sözünü tutmayıb. Bəlkə də "yuxarılar”ın tələbi ilə tutmamaq məcburiyyətində qalıb. Maraqlıdı ki, sonradan Ağayevi nəinki cəzalandırmayan, heç onunla görüşüb vəziyyəti aydınlaşdırmağa ehtiyac belə duymayan Müşahidə Şurasının sədri klubdakıları təəccübləndirib. Nəticədə heç bir cəza almayan Ağayev normal qaydada kollektivə qoşulub, komanda yoldaşlarının yanında lovğalanmağı da özünə borc bilib.

 

Nəticə göz qabağındadı. Futbolçular qeyri-peşəkarlıq edən "dayday”lı qapıçının baş məşqçidən üstün tutulduğuna şahidlik etdikləri üçün Əhmədovun kollektivdəki nüfuzuna ciddi zərbə dəyib. Düzdü, bir müddət öncə Kamranın guya Axundovdan icazə alıb gəldiyi haqda da müəyyən informasiyalar yayılmışdı. Ancaq ən son məlumatlara görə bu da sığorta xarakterli yalandan başqa bir şey deyil. Ağayev rəhbərliyi, baş məşqçini eləcə də öz peşəkarlığını 30 minin yarısına - itirəcəyi 15 min manata qurban verib. Sədrin suların bulanmasında oynadığı müstəsna rol isə əlavə şərhə əlyeri qoymur.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər