"Oyundan tam da razı qalmadım. Çünki daha da yaxşı oynaya biləcəklərini bilirəm". Fanat.Az xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Alman mütəxəssis 4:1 hesablı qələbə qazandıqları oyunu şərh edib: "Uzun aradan sonra bir araya gəldik, 4 aylıq fasilə oldu. Bu üzdən bəzi çatışmazlıqlar var. Komanda çox da xoşuma gəlmədi. Sayıqlığı əldən verdik, hesab 1:1 oldu. Səhvlər var idi. Tam fərqli Azərbaycan yığması gördüm, 5 və ya 8 il əvvəlki komanda deyil. Baş məşqçi işi özünü göstərir. Azərbaycan millisinini tərifləmək istərdim. Norveçi məğlub edən komanda, elə-belə komanda deyil. Buna görə də bizi çətin oyun gözlədiyini bilirdik".
Qeyd edək ki, millimizi hazırkı baş məşqçi Robert Prosineçkidən əvvəl Lövün həmyerlisi Berti Foqts çalışdırıb.
Löv millimizin qapısına iki qol vurub və bir qol ötürməsi verən Andre Şkürrledən razı qalıb: "Şkürrle “Borussiya”da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. 2 qol vurdu və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudu".
Fanat.Az