Məlum aprel döyüşləri zamanı ailəsini də götürüb Azərbaycandan qaçan Robert Prosineçkinin “Bursaspor”un maraq dairəsinə düşməsi və AFFA rəhbərliyinin “yaşıl timsahlar”dan 2 milyon avro təzminat istəməsi faktdı. Getmədi, daha doğrusu, gedə bilmədi, qaldı.
Gerçəyin bir sifəti var
Asossiasiyadan müxtəlif açıqlamalar gələ, Türkiyə mənbələri həqiqətlə əlaqəsi olan və olmayan yüzlərlə məqalə guppuldada, “Bursaspor” fanatları sosial şəbəkələrdə “Biz Dəniz Yılmazı verdik, siz Prosineçkini vermədiz” yaza bilər. Gerçəyin isə bir sifəti var: adam daha yaxşı qazanmaq naminə hər şeyə tüpürməyə şeypur səsindən ilhamlanan pioner qədər hazır idi. Millimizin təzadlı xarakterə malik xorvat çalışdırıcısının mənəvi dünyasına boylanmağı bacaran hər kəs əmindi. Getmək istəməsəydi, “onlara razılıq verməmişəm, təklifə görə təşəkkür edirəm, burda yarımçıq qalan missiyam var” deməyi özünə ən azı mənəvi borc sayardı. Nə yazıq ki, AFFA rəhbərliyinin ağ günə çıxara bilmədiyi yığmanın “sükanı arxası”nda işləmək xatirinə əyləşdiyini, qarşısına ciddi hədəflər qoymadığını növbəti dəfə sübuta yetirdi.
Özünə inanmır
Hazırkı seçmə mərhələdə keçirdiyi 4 oyuna 7 xal toplayan seçmənin qazandığı nəticəylə sərgilədiyi futbolun uzlaşmadığını dəfələrlə vurğulamışıq. Şübhəsiz, meydanda başsız atlını xatırladan yığmamızın qrupdan çıxmaq ehtimalıyla bağlı səsləndirilən romantik fikirlər pafosdan başqa bir şey deyil. Bunu Prosineçki də yaxşı anlayır. Nə özünə inanır nə də əzmkarlıq və bəxt sayəsində azarkeşlərin ürəyinə ümid toxumu səpən milliyə. O, başa düşür ki, azərbaycanlı futbolsevərlərin bu tsikldə qürur duya biləcəyi yeganə qarşılaşma San Marinoyla oyundu. Qalanlarında necə deyərlər, Allah kərimdi... Almanlaşmış xorvat yeni iş yeri tapmaq üçün əlinə bundan yaxşı girəvə düşməyəcəyinin də fərqindədi. Yalnız futbolda yox, həyat nağılının hər köşəsində işləyən qanun var: başlamaq asandı, başa çatdırmaq isə oğul istəyir!
Biz itirdik, “Bursaspor” qazandı
Azərbaycanda çalışdığı müddətdə yığmada oyun planında ciddi dəyişikliyə nail olmağı bacarmayan çalışdırıcının qardaş ölkə təmsilçisində adından söz etdirəcəyini proqnozlaşdıranlar futbola bayağı azarkeş gözüylə baxanlardı. Guya getsəydi, Bursa təmsilçisini Türkiyə nəhəngləriylə rəqabətdən üzüağ çıxaracaqdı? Əsla! Ürəyi Azərbaycanda – millimizdə olmayan birini zorla saxlamağa belə dəyməzdi. İnanın ki, dəyməzdi... Yığma istənilən halda, mənəvi dəyərlər üzərində kök atan camiədi və bu komandada qaçmağa, satmağa, atmağa hər an hazır insanın əsas söz sahibi olması gülüncdü. Qaldığına görə sevinməyin. Biz itirdik, “Bursaspor” qazandı! İnanmırısz? Gəlin, gözləyək.
Fanat.Az