“Səmədova başa saldım ki...” - MÜSAHİBƏ

“Səmədova başa saldım ki...” - MÜSAHİBƏ

Rusiya ilə oyundan sonra millinin kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Fanat.az təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir.

 

- Belə erkən qol buraxacağınızı gözləyirdiz?

 - Yox, gözləmirdik. Əlimizdən gələni edirdik ki, yaxşı müdafiə olunaq. Rəqibin ilk ciddi hücumu qolla nəticələndi. Qoldan sonra rəqib topu özündə çox yaxşı saxlayırdı. Heyətlərində güclü futbolçular var. Onlar oyunun tempini öldürməyə çalışırdı. İlk hissədən sonra paltardəyişmə otağında danışığımız oldu ki, məğlub olmayaq. Ancaq fasilədən sonra 5-10 dəqiqə istədiyimiz futbolu oynasaq da, ruslar yenə üstünlüyü ələ aldı və topa nəzarət etməyə başladılar. 1-2 qol epizodları da oldu. Kamran Ağayev çox yaxşı çıxış etdi. Fikrimcə, son dəqiqələrdə vurduğumuz qol Allahın bizə hədiyyəsi idi. Çünki oyunumuz alınmasa da, rəqib üstün oynasa da, ruhəntəslim olmamışdıq. Şəxsən mən Allaha yalvarırdım ki, bir künc və ya cərimə zərbəsi olsun ki, qapıya zərbə endirək. Çox şükürlər olsun ki, sonda da belə oldu və yenilmədik.

- Oyundan sonra Aleksandr Səmədovla danışırdın. Nə danışdığınızı bilmək olar?

- Matç başa çatınca özü mənə yaxınlaşdı. Gördüm, mənə tərəf yaxınlaşır, mən də ona tərəf getdim. Mənə dedi ki, siz məni düz başa düşməmisiz, sizin ünvanınıza belə söz demək istəmirdim. Deyir, bu sözü demişəm, ancaq yazıldığı formada yox. Söylədi ki, Rusiyada yaşayan bir insandı və dediyi sözlər orda normal qarşılanır. Mən də ona başa saldım ki, sənin əslin Azərbaycandandı və bilməliydin ki, bizdə belə kəlmələr qəbuledilməzdi. O məni başa düşdü və normal şəkildə ayrıldıq. Sonda Azərbaycana qarşı belə təhqiramiz formada müsahibə alındığına görə üzgün olduğunu dilə gətirdi.

- Göstərdiyiniz oyun nəticədə öz əksini tapdı?

 - Rusiya millisi bizə istədiyimiz oyunu göstərməyə imkan vermirdi. Bu il çox güclüdülər. Özünüz də görürsüz ki, Portuqaliya kimi yığmanı qrupda geridə qoydular. Əsas odu ki, seçmə mərhələdə cəmi 3 oyunda məğlub olduq. Onun 2-si Portuqaliya və 1-i Rusiyaya səfərdə yenilgidi. Uşaqlarda sanki əzmkarlıq artıb. Sonadək mübarizə aparırıq. Çalışırıq ki, məğlub olmayaq. Ustalıq səviyyəmiz o qədər böyük deyil ki, hazırda Rusiyadan üstün oyun göstərək. Rəqib pressinq tətbiq edəndə topu özümüzdə saxlamağa çətinlik çəkirdik.

- Qarşılaşmadan qabaq bizim xal arzumuzu ruslar lağa qoyurdu. Demək olarmı ki, bu heç-heçə onlara bir cavab oldu?

 - Vallah, heç kimə cavab vermək niyyətimiz yox idi. Sadəcə,bizə bir xoşagəlməz kəlmə ünvanlanmışdı. Mən də onun cavabını vermək istədim. Ancaq bilmirdim ki, bu belə böyük ajiotaj doğuracaq. İstəməzdim ki, açıqlamamdan sonra belə ajiotaj yaransın. Səhər oyundan öncə keçirilən mətbuat konfransına gələndə həmin açıqlamaları oxumuşdum. Mənə pis təsir etmişdi. Ona görə orda özümü saxlaya bilmədim. Futbolda kimdənsə zəif ola bilərik. Ancaq bu heç kimə bizə qarşı artıq söz işlətmək haqqıvermir.

- Qazandığımız 9 xal əzmkarlığın nəticəsidi, yoxsa artıq milli yaxşı oynamağa başlayıb?

 - Bu seçmə mərhələdə millimiz çox əzmkar oynadı, bir çox matçlarda sona kimi mübarizə apardı. 9 xalın da bunun nəticəsi olduğunu düşünürəm. Daha da çox ola bilərdi. Xüsusilə də Lüksemburqla ev oyununda qələbə qazanmalıydıq. Alınmadı. Məncə, növbəti tsikldə daha yaxşı çıxış edə bilərik.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər