"Türk idmançıların uğursuzluğundakı ən böyük əskiklik məşqçilərdi. Məşqçi amili çox önəmlidi". Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyə yığmasının şərəfini qoyan azərbaycanlı atlet Ramil Quliyev deyib.
200 metr qaçış yarışlarında dünya çempionu olaraq böyük uğura imza atmış idmançı xaricdən məşqçi gətirilməsini istəyib: "Əhalisi az olsa da, atletizmdə uğurlu olan ölkələr var. Türkiyə isə say baxımından böyük ölkədi. Yəni əhalinin sayı deyil, məşqçinin işi önəmlidi. Məşqi olmadan nəyəsə nail olmaq çətindi. Xaricdən məşqçilər gətirməyimiz vacibdi. Bunu etməsək, uğur qazanmağımız çətin olacaq".
Quliyev Türkiyədə hazırlıq üçün hər cür şaraitin olduğunu bildirib: "Məşqlərə davam edirəm. Mən həmişə Türkiyədə hazırlaşam, başqa yerə getmirəm. Bəzən hava dəyişikliyi üçün xaricdə düşərgələrə yollanıram. Mənə "Sən Türkiyədə hazırlaşsan, uğur qazana bilməzsən. ABŞ-da məşq etməlisən" deyirdilər. Amma mən "Yox, uğur qazanacam" demişdim. Bunu bacardıq".
Karyerasını bitirdikdən sonra Türkiyədə məşqçilik etmək istədiyini bildirən Ramil "Məşqçi olaraq bir idman məktəbi açmaq istəyirəm. Bunun nazirliyin, federasiyanın və klubumuzun dəstəyi lazımdı. Tək başına mümkün deyil" deyib.
Ramil Azərbaycan və Türkiyənin eyni millət olduğunu bildirib: "Biz onsuz da eyni millətik. Türk milləti məni qəbul etdi. Türkiyəni öz evim hesab edirəm. Azərbaycanda böyümüşəm. Bayraq daşımaq fərqli hissdi. O bayraq göyə qalxanda hər şey fərqli olur. Bütün stadionu sən ayağa qaldırırsan".
Fanat.Az