Rafael Ağayev - Azərbaycan karateçisi, dördqat dünya, on ikiqat Avropa çempionu. 1985-ci il martın 4-də Sumqayıtda anadan olub. Atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. Fanat.az axar.az-a istinadən dünya çempionunun müsahibəsini təqdim edir:
- Avropa Oyunlarından sonra həyatınızda nələr dəyişdi?
- Necə varsa, elə də yaşamağa davam edirəm. Hər zaman qələbə qazanıb, bayrağımızı qaldırdığım kimi, bundan sonra da yüksəklərə qaldırmaqda davam edəcəyəm. Hazırda öz səhvlərimin üstündə işləyirəm. Çalışıram ki, yenidən dünya rekordu qırım. Öz rekordumu təzələmək istəyirəm.
- Karyeranıza 24 il sərf etmisiniz. Qazandıqlarınız az olmayıb, amma nə qədər qazanırsansa, o qədər də itirməlisən deyirlər. 24 illik karyeranız sizdən nələri aldı?
- Karyerama görə kiçik şeylər itirmişəm və bunları da itki hesab etmirəm. Həmişə dualarımı edib yeni qələbələr, əsas da cansağlığı arzulayıram. Ola bilər ki, çox şeyləri qurban vermişəm. Əyləncəmə ayıracağım vaxtı idmana sərf etmişəm. Kimsə toyda rahatlıqla yeyib-içəndə çay içib çıxmışıq. Çünki hər zaman çəkimizə diqqət etməliyik.
- İdmanın sizə çox şeylər qazandırdığınızı deyirsiniz, nümunə olaraq bəzilərindən danışmanızı istəyəcəm.
- Əsas sevgi qazandırdı. Əgər bir insanı sevirlərsə, bu, gözəldir. Şükürlər olsun ki, xalq tərəfindən sevilirəm.
- Rafael çoxmu sevib?
- 29 yaşımda münasibətdə olduğum bir xanım var idi. Ailə qurmaq istəmişdim. Müəyyən səbəblərdən qismət olmadı, ayrıldıq. Bu ayrılıqdan sonra ailə qurmaq haqda düşünməmişəm. Amma fikirləşirəm. İnşallah, qismət olarsa, ailə qurmağın vaxtıdır. Hər dəfə evdən deyirlər ki, ay Rafael, evlən!
- Özünüzü ata kimi necə təsəvvür edirsiniz?
- Əziyyətlə böyümüşəm, istəyərdim övladlarım da əziyyətlə böyüsünlər. Çünki əziyyətin nə olduğunu yaxşı bilirəm. Bir tərəfdən də əziyyət çəkmələrini istəmirəm. Atamın dəyərli bir məsləhəti vardı: "Çalış, həmişə birinci ol!" Bu məsləhət mənə güc verirdi. Bəlkə də elə buna görə fikrim ancaq idmanda olub. Birinci olmağa çalışmaq lazımdır. Birinci olandan sonra sevgili də səni tapacaq, dost da. İstəmirəm ki, insanlar nələriməsə görə yanımda olsunlar.
- Rafael necə dostdur?
- Dostluq etməyi yaxşı bacarıram. Heç vaxt nəyinsə dostu olmuram. Amma həyatdır da, burada hər şey gözlədiyimiz qədər olmaya da bilər.
İlk yarış...
- Heç vaxt yadımdan çıxmaz... Anam öz qır-qızılını, hətta nişan üzüyünü belə satıb mənim üçün yolpulu eləmişdi. O yarışdan sonra bayrağımızı birinci elədim və o vaxtdan yığma komandaya dəvət edildim. Bu yarış həyatımda bir başlanğıc oldu.
- Qızlar tərəfindən sevgi etirafları ilə qarşılaşırsınızmı?
- Təklif baxımından hansısa bir qız bunu mənə təklif edərsə, artıq onunla ailə qurmağı düşünmürəm. Çünki kimsə məni seçə bilməz, mən kimisə seçə bilərəm. Seçdiyim xanımda əsas tərbiyəyə üstünlük verirəm. Mənim üçün evlənəcəyim qadın əlil də ola bilər. Yetər ki, həmin xanımı sevim.
- Məşhurluq sıxıcı deyil ki?
- Son vaxtlar sosial şəbəkələrdə adımdan saxta profillər açıb qadınlarla danışırlar. Məndən icazə alıb, rahatlıqla istifadə edə bilərlər. Danışdıqları xanımdan adımdan pul da istəyirlər. Artıq bu faktın üstündə işləyirəm. Yaxınlarda o adamı tapacam.
- Rafael Ağayev çoxmu çətinlik çəkir?
- İnsan nə qədər tanınmırsa, öndə deyilsə, o qədər də asandır. Amma tanınırsa, əlbəttə, onun üçün çətin olur. Tanınmayan, uğurları az olan idmançının məğlubiyyəti elə də acı olmur. Buna görə də indi mənə daha çətindir.
- Hər hansısa bir döyüş filmində baş rolda özünüzü təsəvvür edirsinizmi?
- Mənə klip, kiçik epizodlarda çəkilmək barədə təkliflər gəlib. Bir neçəsinə çəkilmişəm. Bu fikir həmişə ağlımda olub. Əgər uyğun rola dəvət alaramsa, dəyərləndirəcəm.
- Sonda nə demək istəyərdiniz?
- Bu yerə qədər gəlib çatmağımda kimlərin əziyyəti keçibsə, hamısına minnətdaram. Xalqımın qabağında baş əyirəm. Rafael Məmmədova, Füzuli müəllimə, Ülvi müəllimə, Yaşar Bəşirova, baş məşqçi Rəhman Hətəmova "çox sağ olun" deyib, anamın-atamın əllərindən öpürəm.
Fanat.az