Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan yığmasının iki üzvü mübarizəyə başlayacaq.
86 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov, 125 kq-da ölkəmizi təmsil edən Cəmaləddin Məhəmmədov medallar uğrunda yarışacaq.
Sərbəst güləş
86 kq
Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verəcək. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirib. İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.
O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə mübarizə aparıb. Rəqibinə heç bir şans verməyən olimpiya çempionumuz adını yarımfinala yazdırıb.
Güləşçimizin final yolunda son rəqibi dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayev (Rusiya) olub. "Rus tankı" ləqəbli güclü rəqibi ilə mübarizədə Şərifin gücü yalnız 1 xal almağa çatıb. 1:8 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirəcək.
125 kq
Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayıb. O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevlə münasibətlərinə aydınlıq gətirib. İlk hissəni cərimə xalı hesabına öndə tamamlayan güləşçimiz ikinci hissədə fəallığı artıraraq, daha 4 xal əldə edib. Lakin Cəmaləddin 5:0-lıq üstünlüyü sona qədər qoruya bilməyib. Dlaqnev sona yaxın ardıcıl 6 xal qazanaraq, qalib gəlib və 1/4 finala adlayıb.
Tervel Dlaqnev yarımfinaladək irəliləsə də, həmin görüşdə iranlı rəqibinə 0:8 hesabı ilə uduzaraq finaldan kənarda qalıb. Buna görə də Məhəmmədov bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxmaq şansını da itirib və "Rio-2016" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.
Fanat.Az