Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" matçından sonra meydan sahiblərinin baş məşqçisi Samir Abbasov mətbuat konfransı keçirib. 4-cü pilləyə yüksələn komandanın çalışdırıcısı yetirmələrindən razı qaldığını gizlətmədi.
- Sevinirəm ki, mövsümün ilk yarısını 4-cü yerdə bitirdik. Tətilə yüksək əhval-ruhiyyədə yollanmağı bacardıq. Hava şəraiti futbol üçün əlverişli deyildi. Belədə, vuruşmaq, əzmkarlıq göstərmək lazım idi ki, bunu da uşaqlar etdi. Tələsməyək, çünki bu, marafonun yarısıdı. Bu mövqeyi finişədək qorusaq, onda bayram etməyə dəyər.
- Həmkarınız dedi ki, qələbəni "Sumqayıt"a hakim hədiyyə etdi...
- Penalti epizodunu nəzərdə tutubsa, bunu şərh edə bilmərəm. Epizoda təkrar baxmaq lazımdı. Onların cəmi epizodu oldu - top tirdən dönəndə. Qələbəmizə kölgə salmasınlar.
- Qış fasiləsi planlarınız barədə danışardınız.
- Təlim-məşq toplanışını ölkə xaricində keçəcəyik. Ancaq xeyli futbolçu cəlb edə bilməyəcəyik. Çünki rəhbərliklə danışmışam və maddi cəhətdən böyük yatırımlar edilməyəcəyini bildirdilər.(futbolinfo.az)
Fanat.Az