Son iki mövsümdə “Kəpəz”in heyətində 11 metrlik cərimə zərbələrini yerinə yetirən Tural Axundovun gedişindən sonra komandada onun yerini kimin tutacağı maraqla gözlənilir. Fanat.Az xəbər verir ki, Gəncə klubunun rəsmi saytının əməkdaşları futbolçulara "Turalın yoxluğunda penaltiləri kim vurmalıdı" sualı ünvanlayıb.
Kapitan Şəhriyar Rəhimovun məsələyə münasibəti bu cür olub: “11 metrliyi sırf kapitan vurmalıdı” deyə qayda yoxdu. Sadəcə, həmin an hansı futbolçu özünə daha çox inanırsa, zərbəni də vurmalıdı. Açığı, bu vaxta kimi heç bir klubda penalti yerinə yetirməmişəm. Fürsət düşəndə də bundan vaz keçmişəm. İlk növbədə, belə zərbələri dəqiqliklə vurmağı bacarmalısan. Birini vurub, növbəti oyunda səhvə yol vermək istəmirəm. Tural Axundov həmişə penaltiləri çox soyuqqanlı və dəqiqliklə yerinə yetirirdi. Ola bilər ki, hansısa matçda məsuliyyəti öz üzərimə götürüm. Amma bütün zərbələri boynuma götürə bilmərəm. Məşqçi məsləhəti də bunda rol oynayır. Yenə deyirəm, kim daha hazırlıqlı və psixoloji cəhətdən özünə əmindisə, nöqtəyə həmin oyunçu da yaxınlaşmalıdı”.
Qapıçı Davud Kərimi də bu haqda danışıb: “Fikrimcə, penaltini kimin vuracağını təyin etmək məşqçilər korpusuna aid məsələdi. Bu, baş məşqçi Şahin Diniyevin məsləhəti ilə olacaq. Yəqin ki, məşqlərdə sınaqdan keçirilənlər olacaq və kim zərbələri daha yaxşı yerinə yetirsə, onun üzərində dayanılacaq. Mənə elə gəlir ki, yerli futbolçularla yanaşı, legionerlər də bunun öhdəsindən gələ bilər. Məncə, Samba Diallo və Viktor Lakidə pis alınmaz. Şəhriyar Rəhimov və Kərim Diniyev də 11 metrliyi vura biləcək gücdədi. Təki lehimizə penalti olsun, vurmaq çətin olmaz (gülümsəyir)”.
Şəhriyar Əliyev komanda yoldaşı Kərim Diniyevin bu işin öhdəsindən daha yaxşı gələcəyini düşünür: “Penalti vurmaq, doğrudan da, məsuliyyətli işdi. Çəkinmirəm, mən də vuraram. Məncə, Kərim Diniyev daha yaxşı vurar. Məşqdə elə zərbələr vurur ki, top az qalır toru cırıb keçsin (gülür). Uzaq məsafələrdən də yaxşı zərbələri var. Elə düşünürəm ki, bu işi Kərimə həvalə etmək olar. Məsuliyyəti komanda yoldaşımın boynuna atmaq istəmirəm. Diniyev mövqe baxımından məndən irəlidə oynayır və rəqib qapısına daha yaxın olur. Təbii ki, zarafat edirəm. Mən 11 metrliyi Kərimin yerinə yetirməsini istərdim. Bir də ki, kimin zərbəni vurmasından asılı olmayaraq, təki qol olsun”.
Məsələ ilə “Kəpəz”in baş məşqçisi Şahin Diniyev də fikirlərini bildirib: “Hələ dəqiqləşdirməmişik, önümüzdəki günlərdə bu suala cavab tapacağıq. Məşqlərdə və ikitərəfli oyunlarda bu məqama aydınlıq gələcək”.
Fanat.Az
Fanat.Az