“Yeni mövsümə yaxşı başlamaq istəyirdik, alınmadı. Buraxdığımız birinci qol planlarımızı pozdu”. Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının ilk turunda “Qarabağ”a öz meydanında 1:3 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.
Görüşün ardından düzənlənən ənənəvi mətbuat konfransına qatılan Elxan bəy yenilgiyə belə şərh verib: “Fasilədən sonra yaxşı oynadıq. 1:3 hesablı məğlubiyyətdən sonra danışmaq çətindi. Azarkeşlərimiz bu gün komandaya yaxşı dəstək verdilər. Növbəti matçlarda qalib gəlməyə çalışarıq”.
- Elnur Cəfərovun oyunundan razı qaldnız?
- Elnura müəyyən vaxt lazımdı. Gənc futbolçudu, perspektivlidi. Bu gün nəsə alınmırdı. Yenə də çalışırdı...
- “Qarabağ" sizi nədə üstələdi?
- Təcrübə sözünü dedi. 7-8 ildi bir yerdə oynayan futbolçulardı. Amma bu o demək deyil ki, biz uduzmalıydıq.
- Səlahət Ağayev “İnter”in “Fola” ilə səfərdəki matçlarında da kobud səhvlərlə yadda qalmışdı. Onunla bağlı nəsə baş verir?
- Yəqin ki, özü analiz edəcək. “Fola” ilə oyunu müzakirə etmək istəmirəm. Bugünkü görüşə gəlincə, o epizodda çıxmamalı idi. Qapıda dayanıb, topu tutmağa çıxmasaydı, qol olmayacaqdı.
- Oyunu Derlis Meza Kollinin üzərində qurmuşdunuz. Komandaya yeni qoşulduğunu nəzərə alsaq, əsas heyətdə yer verməyə məcbur idiniz?
- Meza Kolli artıracaq. Uzun müddətdi oynamırdı. Onun oyunundan razı qaldım. Ötürmələrdə səhvi, demək olar ki, olmur. Mənə belə futbolçu lazımdı. Oyundan-oyuna artıracaq.
- Fasilədən sonra “Neftçi”nin oyununu nə canlandırdı?
- Başladıq pressinq etməyə. İlk dəqiqələrdən elə oynamaq istəmirdik. Planım o idi ki, üstünlüyü rəqibə verib, onları əks-hücumda tutaq. Amma öz səhvlərimizdən qollar buraxdıq və bütün planımız pozuldu.
Fanat.Az