Bu gün Şpilberqdə Red Bull Rinqdə keçirilən Avropa F3 çempionatının birinci yarışında təhlükəli qəza olub. Avstriya trasında Kallum İlottun qalib gəldiyi yarışda Rayan Tveter, Çji Li Konq və Pedro Pike təhlükəli qəza yaşayıblar və yarış qırmızı bayraqlarla dayandırılıb.
Fanat.az musavat.com-a istinadən xəbər verir ki, yarışın bitməsinə 7 dəqiqə qalmış, Tveterin bolidi yerində fırlanlb və çınqıllı sahəyə çıxaraq trasa qayıdıb. Tveterin bolidi trasa qayıtdıqdan sonra mühərriki dayanıb, maşının arxasında isə qatı toz dumanı əmələ gəlib.
Bu vaxt arxadan gələn Çji Li Konq və Pedro Pike gərgin mübarizə apardıqlarından və heç nə görmədikləri üçün növbə ilə Tveterin bolidinə çırpılıblar. Li Konqun bolidi çırpılmadan sonra göyə uçaraq bir neçə dövrə vurub və zərblə yerə düşüb.
Qəza edən bütün sürücülər tibbi mərkəzə aparılıblar. Bəzi yoxlamalardan sonra məlum olub ki, Pike yaralanmayıb. Tveter az da olsa yaralanıb. Çji Li Konq isə bir müddət huşunu itirsə də, sonradan özünə gəlib. Sürücünün başından və belindən yaralanması ehtimal olunduğu üçün helikopterlə xəstəxanaya aparılıb.
Tveteri isə sonradan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar, amma onun vəziyyəti barədə hələ də dəqiq heç bir şey deyilməyib...
Fanat.az