Bu ilin yayında Fransada keçiriləcək Avropa çempionatı terror təhdidinə rəğmən baş tutacaq. Fanat.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Valls açıqlama verib.
Fransanın "Europe 1" radiosuna danışan baş nazir Brüssel terrorundan sonra "AVRO-2016"nın təxirə salınması ilə bağlı başlayan müzakirələrə münasibət bildirib: "Avropa çempionatı keçiriləcək. Belə böyük idman və mədəniyyət tədbirləri terrordan qorxmadığımızı və ona boyun əymədiyimizi göstərəcək".
Manuel Valls "AVRO-2016" ilə yanaşı, Fransa Velosiped Turunun və Paris Marafonunun da planlaşdırıldığı vaxtda baş tutacağını bildirib.
"L`Equipe" qəzetinə danışan Fransanın idman naziri Tyerri Braillard isə "AVRO-2016"nın təhlükəsiz şəraitdə baş tutması üçün bütün tədbirlərin görüldüyünü, turnirin təxirə salınmasının və ya başqa vaxta keçirilməsinin müzakirə mövzusu olmadığını bildirib.
Fransanın daxili işlər naziri Bernard Cazeneuve isə oyunların yüksək təhlükəsizlik tədbirlərinin müşayəti ilə də olsa keçiriləcəyini deyib.
Fanat.az