"Atalanta"nın baş məşqçisi Can Piero Qasperini (Gian Piero Gasperini) klubun keçmiş futbolçusu Alexandro Qomesin (Alejandro Gomez) ittihamına cavab verib. Daha əvvəl xəbər vermişdik ki, Qomes baş məşqçi Qasperininin onu döymək istədiyini demişdi.
Fanat.Az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis "La Gazzetta dello Sport"a belə danışıb:
"Qomesin meydandakı və onun xaricindəki davranışı məşqçi və bütün komanda yoldaşları üçün qəbuledilməz idi. Fiziki təcavüz mənim tərəfimdən deyil, onun tərəfindən idi. Mən onu yox, o, məni döymək istəyirdi. Getməsinin əsl səbəbi klubun rəhbərlərinə və məşqçisinə hörmətsizlik etməsi idi. Ümid edirəm ki, Qomes yalançı ifadələrlə deyil, gözəl oyunu ilə bizə özünü xatırlatmağa davam edəcək".
Xatırladaq ki, ötən mövsümün ikinci yarısında Qomes "Sevilya"nın heyətində keçirdiyi 24 görüşdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev