Azərbaycan Kubokunun Naxçıvandakı finalında “Qəbələ”ni 2:0 hesabıyla yenən və ardıcıl 3-cü dəfə "qızıl dubl" reallaşdıran “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev son mövsüm və gələcək karyerası haqda danışıb. Finalı işıqlandırmaq üçün Muxtar Respublikaya ezam olunmuş jurnalistlərə fikirlərini bölüşən Qara belə deyib:
"Hədəfimizə çatdığımız üçün sevincliyik. Həm çempionluq, həm də kuboku qazanmaq istəyirdik. Məqsədimizə çatdıq. Komandamız hər iki cəbhədə çempionluğa layiq idi. Bütün “Qarabağ”lıları təbrik edirəm. Hava eləydi ki, ilk qolu vuran böyük üstünlük yaxalayacaqdı. Biz daha yaxşı oynadıq, hesabı açdıq və qazandıq. Meydanın qazonu Bakıdakı və Qəbələdəki stadionlardan çox fərqlənirdi. Baxımlı və sürətli oyuna mane olurdu. Təbii ki, oyunun tempini də aşağı salırdı".
Orta xətt oyunçusu daha sonra əlavə edib: "Hələ heç kimlə rəsmi müqavilə imzalamamışıq. Bəzi ölkələrdə çempionatlar mayın sonunda başa çatacaq. Ondan sonra xarici klublardan təkliflər olsa, getməyi düşünürəm".
Fanat.Az