Prosineçki "Bursaspor"a gedir: Almeyda və 2 milli üzvünü də aparır

Prosineçki "Bursaspor"a gedir: Almeyda və 2 milli üzvünü də aparır

Topaz Premyer Liqasında forma geyinən 3 futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. Bu, millimizin baş məşqçisi Robert Prosineçkinin “Bursaspor” klubunun “sükanı arxası”na keçəcəyi halda reallaşacaq.

 

“Ağ-yaşıllar”la danışıq aparan xorvatiyalı çalışdırıcı Azərbaycandan özü ilə Bursaya aparacağı futbolçuları müəyyənləşdirib. Maraqlıdı ki, bunlardan yalnız biri millidə Prosineçkinin rəhbərliyi altında oynayıb. Söhbət “Qəbələ”nin formasını geyinən Ruslan Qurbanovdan gedir. Təcrübəli məşqçi ölkəmizə təşrif buyurduqdan sonra Qurbanovun Xorvatiyanın “Hayduk” klubuna keçidində rol oynamışdı. Lakin Ruslan Split təmsilçisində möhkəmlənə bilməmişdi.

 

Prosineçki Azərbaycana gəldiyi ilk gündən bəyəndiyi Qurbanovla yanaşı, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda və “Qəbələ”nin xorvatiyalı futbolçusu Filip Ozobiçin də xidmətində maraqlıdı. 47 yaşlı mütəxəssis klub rəhbərliyi ilə görüşündə “Bursaspor”un, xüsusilə, yarımmüdafiə xəttinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb. O, bu ildən Azərbaycan yığmasında çıxış edəcəyi gözlənilən Almeyda və Xorvatiya millisinə dəvət alan Ozobiçin komandanın orta sahədəki problemini həll edəcəyini düşünür.

 

“Bursaspor”un vitse-prezidenti Ali Adəmoğlu açıqlamasında Prosineçkinin özü ilə anlaşdıqlarını bildirib. O əlavə edib ki, xorvatiyalı mütəxəssis istəyərsə, Azərbaycandan futbolçu transferi reallaşdıra bilərlər. Hadisələrin gedişi Prosineçkinin böyük ehtimalla, Türkiyəyə qayıdacağını deməyə əsas verir. “Bursaspor” rəsmilərinin açıqlamalarından belə hiss olunur ki, yığmamızın çalışdırıcısı mətbuata və AFFA rəhbərliyinə “getmirəm” desə də, ürəyi “ağ-yaşıllar”ladı.

 

Onun gedişi isə yuxarıda adı çəkilən 3 futbolçunun karyerasını Türkiyədə davam etdirmək ehtimalını artırır.

 

Qeyd edək ki, “Bursaspor”un İdarə Heyətinin üzvü Yüksəl Çolak və meneceri Hüseyin Gedik danışıq aparmaq məqsədilə artıq 3 gündü Bakıdadılar.( Apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər