“Neftçi”nin yeni transferi Eddi İsrafilov yeni klubuna keçidi haqda fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bununla bağlı “instaqram” hesabında paylaşım edib:
"İlk olaraq, keçirdiyim aylara görə İspaniyanın "Luqo" klubuna minnətdaram. Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdınız və qərarımı anlayışla qarşıladınız. Sizə dərin minnətdarlığımı bildirirəm. İkincisi, "Neftçi" kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm".
Qeyd edək ki, Eddi İsrafilov "ağ-qaralar"la 2,5 illik müqavilə imzalayıb. O, iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb və "Luqo"da məşqlərə çıxıb.
2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.