"Barselona"nın idman direktoru Deku cari mövsümün sonunda Kataloniya təmsilçisinin baş məşqçi postundan gedəcəyini açıqlayan Xavinin yerini kimin tutacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Hazırda heç bir mütəxəssislə danışıq aparmırıq. Yeni baş məşqçi kimliyindən asılı olmayaraq, öz hədəflərini, iş metodunu ortaya qoymalı, böyük məqsədlər uğrunda çalışmaq üçün alışıb-yanmalıdır.
Motta? Mən onun yox, Markesin fəaliyyətini izləyirəm. Markes özünü inkişaf etdirən gənc mütəxəssisdir. Burada olması onu daha da püxtələşdirər".
Xatırladaq ki, Xavi yanavrın 28-də, İspaniya La Liqasının 22-ci turunda "Vilyarreal"a 3:5 hesabı ilə uduzduqları matçın ardından mövsümün sonunda gedəcəyini bəyan edib.