Konor Makqreqor UFC-nin rekord qonorarını - 1 milyon dollar qazanıb. Maraqlıdır ki, o bu məbləği uduzduğuna görə əldə edib. Üstəlik, bu, Konorun ilk məğlubiyyəti idi.
İrlandın qonorarı təşkilatın tarixində ən böyük olub. Konordan öncə belə nəticəyə braziliyalı Anderson Silva nail olmuş, 2015-ci ildə 800 min dollar qazanmışdı.
Las-Veqasda (ABŞ, Nevada ştatı) UFC yarımorta çəki titulu üzrə keçirilən döyüşdə Konor Makqreqor amerikalı Neyt Diasa ikinci raundda boğucu fəndlə uduzub.
Makqreqor döyüş ərzində üstün olub. Lakin ikinci raundda xeyli yorulub. Parterdən çıxa bilməyən Konnor amerikalının tətbiq etdiyi fənddən sonra təslim olub.
Nevada ştatının Atletika komissiyasının verdiyi məlumata görə, Makqreqor pullu canlı yayım, sponsor xərcləri və bonuslara görə çıxılan məbləğ nəzərə alınmasa 1 milyon dollar alacaq.
Qalibin - Neyt Diasın qonorarı isə cəmi 500 min dollar olacaq.
Bunadək Makqreqor yarımyüngül çəkidə UFC çempionu idi, dünənki döyüş isə onun yarımorta çəkidə debütü idi. 27 yaşlı irlandın 19 qələbəsi (17-si nokautla), 3 məğlubiyyəti, 30 yaşlı Diasın isə 19 qələbəsi (5-i nokautla), 10 məğlubiyyəti var.
Digər döyüşdə də maraqlı məğlubiyyət qeydə alınıb. Məşhur Ronda Rauzinin kürəyini ilk dəfə yerə vuran Holli Holm amerikalı Mişa Teytə uduzub. Dördüncü raundda yenə də boğucu fəndin güdazına gedən isveç Holli UFC ən yüngül çəkidə çempion titulundan məhrum olub. Teytə uduzduğuna görə Holli 500 min dollar alacaq. (milli.az)
Fanat.az