ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən irlandiyalı Konor Makqreqoru cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna səbəb Las-Veqasda keçirilən UFC 229 turnirində onun Həbib Nurmaqomedovla davaya qarışması olub. Makqreqor isə 5 ay müddətində idman yarışlarında iştirakdan məhrum edilib. Bundan başqa o, 50 min dollar cərimələnib.
Qeyd edək ki, davaya səbəb olan Həbib Nurmaqomedov 9 ay yarışlardan kənarlaşdırılıb, 500 min dollar cərimə edilib.
Onu da qeyd edək ki, iki idmançı arasında döyüş ötən ilin oktyabrın 6-da olub. Həbib Nurmaqomedov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Həbib Nurmaqomedova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda rinqdə rusiyalının mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.
Fanat.Az