"Hamı "qızıl"ı ondan gözləyirdi" - Avropa çempionu

"Hamı "qızıl"ı ondan gözləyirdi" - Avropa çempionu

"Komandamızda hər kəs qızıl medalı bir il əvvəlki Avropa çempionatının qalibi olan Aydan Vəliyevadan gözləyirdi. Ancaq mən bilirdim ki, öz çəki dərəcəmdə ən güclüyəm".

Bunu Fanat.Az-a açıqlamasında Xorvatiyanın Poreç şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının qalibi Fidan Əlizadə deyib. 

57 kiloqram çəki dərəcəsində fəxri kürsünün zirvəsinə yüksələn 17 yaşlı idmançı final görüşündə qələbə qazanacağından əmin olduğunu bildirib:

"Ən çətin görüşüm yarımfinalda oldu. Çünki iki cərimə xalım var idi. Sonda ikinci "vaza-ari" xalı ilə həmin qarşılaşmanı qalib başa vurdum. Finaldakı rəqibim - macar İnes Boqnarı bundan bir neçə gün öncə Avropa Kubokunda məğlub etmişdim. Ona görə də yenidən qalib gələcəyimə əmin idim".

"Hamı "qızıl"ı ondan gözləyirdi" - Avropa çempionu

Qarışıq komanda yarışında ilk dəfə medalçılar sırasına düşən millimizin uğurunda son nöqtəni qoyan Əlizadə həmin görüş barədə danışıb:

"Komanda yarışında 57 kiloqram çəki dərəcəsi olmadığından, mən 63 kiloqramda döyüşməli oldum. Üçüncülük görüşündə hesab biz geri düşsək də, sonradan toparlanıb önə keçdik. Mənim görüşüm sonuncu idi. Uduzsaydım, hesab bərabərləşəcək, belədə əlavə bir görüş də olacaqdı. Mənim qələbəm milli komandaya bürünc medalı qazandırdı".

Yeniyetmə idmançı qarşıdakı hədəflərini açıqlayıb:

"Bizi qarşıda Avropa Gənclərinin Yay Olimpiya Festivalı və yeniyetmələrin dünya çempionatı gözləyir. Yeniyetmələrdəki çıxışımı maksimum nəticə ilə yekunlaşdırıb növbəti hədəflərə köklənəcəyəm. Arzum Azərbaycana Olimpiya, dünya çempionluqları qazandırmaqdır".

Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Avropa birinciliyinin fərdi yarışını 3 qızıl, 1 gümüş, 4 bürünc medalla başa vurub. Bu nəticə ilə yığma ümumkomanda hesabında Fransadan sonra ikinci yeri tutub. Oğlanların sıralamasında isə ölkəmiz bütün rəqiblərini qabaqlayaraq birinci olub.

Sahib Əsədbəyli

"Hamı "qızıl"ı ondan gözləyirdi" - Avropa çempionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər