Ukraynada millinin sabiq baş məşqçisi Andrey Şevçenkonun (Andriy Shevchenko) yığmadan getməsi hələ də gündəmdən düşmür.
Fanat.Az "Sportkp" saytına istinadən xəbər verir ki, ölkənin futbol assosiasiyasının baş katibi Yuri Zapisotskiy mütəxəssisin gedişindən danışıb.
Bir müddət öncə Şevçenko millidə işini davam etdirmək niyyətində olduğunu, lakin ona imkan verilmədiyini bildirmişdi.
Federasiya baş katibi Yuri Zapisotskiy isə "Bolşoy Futbol" verilişində bunu təkzib edib və Şevçenkonun özünün postu tərk etdiyini bildirib:
"İyulun 30-da Şevçenkoya şəxsən zəng vurdum və müqavilə müddətinin bitdiyinə görə məşqçi heyəti ilə birlikdə işdən çıxarılacağını dedim. Bildirdim ki, avqustun 2-də yeni şərtlərlə müqavilə imzalanması planlaşdırılır. Bunlar sadə bürokratik proseslərdir. Şevçenko mənimlə razılaşdı. Bütün hüquqi incəliklərə riayət olunmuşdu. Müqavilənin başa çatması və planlaşdırılan yeni müqavilə barədə Şevçenkonun yaşadığı ünvana məktub göndərdik. Eyni məktublar elektron formada onun nümayəndəsinə də göndərildi. Beləliklə, bizim tərəfdən lazım olan hər şey edildi.
Şevçenkodan cavab olmadı və avqustun 2-si planlaşdırılan görüşə də gəlmədi. Biz onunla yolumuza davam etmək istəyirdik. Onun 5 il ərzində 400 milyon qriven (12 673 000 avro) qazanmasına gəlincə isə, qiymət təqribən belə olub."
Xatırladaq ki, Şevçenkonun başçılığı altında Ukrayna millisi AVRO-2020-nin 1/4 final mərhələsinə kimi irəliləyib.
Emin Şəmsiyev