İllərdir deyirlər, deyinirlər ki, idman mətbuatında saytları saymaqla bitməz.
Reallıq isə başqa faktı deyir. Hal-hazırda neçə sayt var meydanda? İki əlin barmaq sayından da az. Bu azmış kimi meydanda qalanlar da elə meydanın ortasında bir-birini "qırır”. Heç kimə ağıl vermirəm. Sadəcə, yaranan mənzərə acınacaqlıdı. Niyə xirtdəkdən yuxarı problemləri kənara qoyub, media bir-birinin üzərinə yeriməlidi? Niyə ortada olan 3-5 sayt bir-birini didməklə məşğul olmalıdı? Gücün varsa, qafan varsa, otur, enerjini işinə, yazına sərf et! Niyə qarşı tərəfin arqumentlərlə ortaya qoyduğu fikir səndə qıcıq yaratmalıdı?Ağılın, qələmin danışsın. Sən daha tutarlı yaz. Hə, yaza bilmirsənsə, məğlubiyyətinə şüvənlikdən don biçirsənsə, buraları zibilləmə.
Tənqid etdiyimiz tərəfin haqlı olduğunu düşünən həmkarlarımız da ola bilər. Bu normaldır. Anormallıq həmkarının yazdığı yazını həzm edə bilməyib, şəxsi mübarizəyə çevirməkdi. Məsələn, mən son bir həftədə şəxsi imzamla və ya saytımızın mövqeyi olaraq AFFA haqda faktlara söykənən bir neçə yazı yazmışam. Ən əsası da odur ki, Elxan Məmmədov son müsahibəsində sözügedən faktların heç birinə toxuna bilmədi... Toxunsaydı, dalana girmiş olardı. Belə şeyləri yaxşı bilir. AFFA-nın mövqeyini haqlı sayaraq, qələmə alınan bir neçə fikir oxumuşam. Dolayısıyla həm də bizə cavab xarakteri daşıyıb. Nə gözəl... Burda nə var ki? Əslində daha da həvəslənib, yeni faktlar ortaya qoyub, qarşı tərəfə əlcək atmalıyıq. Beləliklə, sosial şəbəkədəki dayaz düşüncəlilik, şüvənlik və sair saçyolmalar media səhifələrində intelektual deyişməyə, rəqabətə gətirib çıxarar. Bu əslində reaktiv inkişaf deməkdi. Yenə təkrar edim, kimin işinə gəlirsə, enerjisinə, qələminə, savadına əmindisə, yol budur. Əgər sənin tribunan varsa, fikirini niyə sosial şəbəkədə başqa janrda tirajlamalısan ki? Sosial şəbəkədən atmaca poliqonu kimi istifadə etmək, gücsüzlük, zəiflikdi. Yenə təkrar edirəm, əgər tribunan, saytın varsa...
Bəli, şəbəkələrdə ünvanlı 1-2 cümlə yazıb ismarıc vermək olar, amma işini, saytını kənara qoyub statuslarda boşboğazlıq etmək iyrəncdi. İdmanımıza, futbolumuza zərrə qədər də xeyri dəyməyənlər bu addımla idman mediasını gözdən salır, zərbə vurur. Mən haqlı olduğumu isbatlayan yazı yazmışamsa, qarşı tərəfin də eyni hüququ olduğunu qəbul etmək mədəniyyətim olmalıdı. İctimailəşdirdiyimiz problemə başqa rakursdan baxan da daha savadlı təhlil verirsə, özümüzü düzəldək, daha çox təhlillər aparaq, daha dəqiq, "çəki”li fikirlər qoyaq ortaya.
Yaxşısı bu deyil?
Əli Sahib
Fanat.Az