"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov dünən istefa verib. Doğma meydanda "Kəpəz"ə 0:3 hesabı ilə yenilən komandanın çalışdırıcısı postundan ayrılmaq istədiyini bildirib və onun bu istəyi rəhbərlik tərəfindən qəbul edilib.
Fanat.az xəbər verir ki, Məmmədov "Xəzər Lənkəran"ı ümumilikdə 17 oyuna çıxarıb. Qış fasiləsindən sonra komandaya rəhbərlik edən mütəxəssis Premyer Liqada qələbəyə həsrət qalıb. "Ağ-yaşıllar" onun rəhbərliyi altında çempionatda 15 oyun keçirib və cəmi 2 heç-heçəyə sevinib. "Rəvan" və "Qəbələ"dən xal alan "Xəzər Lənkəran" Məmmədovun başçılığı altında çempionatda 13 məğlubiyyətə üzülüb.
Sabiq baş məşqçi komandanı kubokda da iki oyuna çıxarıb və yeganə qələbəsini bu turnirdə qazanıb. Belə ki, "Xəzər Lənkəran" kubokun 1/4 finalının ilk oyununda "Neftçi"yə 3:2 hesabı ilə qalibi gəlib, cavab oyununda uduzaraq mübarizəni dayandırıb - 0:2.
Beləliklə, Elbrus Məmmədovun ikinci "Xəzər Lənkəran" karyerası 17 oyunla başa çatıb. Bu oyunlarda 1 qələbəyə və 2 heç-heçəyə sevinən mütəxəssis 14 dəfə məğlubiyyət acısı yaşayıb.
XXXIII turda "Kəpəz"ə udzan "Xəzər Lənkəran"ın qələbəsiz oyunlar seriyası 22-yə çatıb. Sonuncu dəfə XI turda "Rəvan"ı yenən "ağ-yaşıllar" artıq 188 gündü qələbə həsrətindədi. Bu müddətdə 20 dəfə məğlub olan komanda 2 heç-heçə edib.
"Xəzər Lənkəran" son heç-heçəni XXIII turda "Qəbələ" ilə edib. 27 fevralda baş tutan bu matçdan sonra keçirdiyi 10 Premyer Liqa matçında uduzan komanda artıq 71 gündü xala həsrətdi.
22 turluq qələbəsiz oyunlar seriyasının son 15 oyunu Elbrus Məmmədovun passivindədisə, qalan 7 matçda baş məşqçi Yunis Hüseynov olub. Komanda həmin qarşılaşmaların hamısında uduzub.
Fanat.az