Eddi İsrafilov milli komandamızın martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.
Futbolçunun çıxş etdiyi “Kordoba” klubu İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığı üçün klubun baş məşqçisi futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciət edib. Millimizin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.
Fanat.az xəbər verir ki, Eddi bununla bağlı İspaniya mətbuatına danışıb. Futbolçu hər zaman Azərbaycan yığmasında oynamağa hazır olduğunu deyib:
"Artıq klubumda müntəzəm çıxış edirəm. Bu, formaya düşməyimə kömək edir. Mən klubumun heyətində daim oynamalıyam. Çünki kifayət qədər təcrübəm yoxdu. Həmişə Robert Prosineçkidən zəng gözləyirəm. Məni milliyə dəvət etmişdilər. Millidən kənarda qaldığıma görə məyusam. Ancaq bu qərarı mən verməmişəm. Baş məşqçilər belə qərar verdi. Klubuma görə bunu etməli idim. Bu kimi hallar hər zaman baş vermir. Ümid edirəm ki, beynəlxalq oyunlarda Azərbaycan millisinin heyətində çıxış edəcəm. La Liqaya çıxmaq şanslarımız yüksəkdir. Bunun üçün uğurlu çıxışımızı davam etdirməliyik və mən buna inanıram".
Fanat.az