Yerlilər 100 manata, əcnəbilər 200 avroya - Milli komandamızda biabırçılıq

Yerlilər 100 manata, əcnəbilər 200 avroya - Milli komandamızda biabırçılıq
Qızlardan ibarət U-19 milli komandamızın heyətinin necə formalaşdırılması, xərclənən böyük pullar və onların aqibəti barədə əldə maraqlı məlumatlar yayılıb.
Əvvəla ondan başlayaq ki, AFFA rəhbərliyinin qadın futbolu üçün büdcədən xərclədiyi vəsaitin böyük qismi məhz xarici ölkələrdən gətirilən legionerlərin payına düşür. Məlumdu ki, bu durumun əsas səbəbi ölkəmizdə qadınlar arasında normal ölkə birinciliyinin keçirilməməsidi.
Gəlin əvvəlcə U-19 (qızlar) yığmamızın məşqçilər korpusu və əsas heyəti ilə tanış olaq. Öncədən bildiririk ki, heyətdə nə az, nə çox, düz 11 legioner var.
Milli komandamızın məşqçilər heyətinin siyahısına nəzər salaq. Baş məşqçi Patrisia Qonzalez, Viktor Migel (köməkçi məşqçi), Ruslan Quliyev (qapıçı məşqçisi), Rikardo Da Silva (fitness məşqçisi).
İndi isə böyükhesablı məğlubiyyətləri sıralayan heyətə nəzər yetirək: Kristina Bakaranadze (Neftçi), Lusiya Sançes, Yaiza Relea (hər ikisi Rayo Valekano-İspaniya), Diana Məmmədova (UGIM Krasnoyarsk-Rusiya), Samara Ortiz, Malena Ortiz (hər ikisi Kanillas-İspaniya), Alina Mixaelis, Merve Özdemir (hər ikisi Ayntraxt Frankfurt - Almaniya), Vesela Borukova (Lerida Barselona -İspaniya), Natalya Rodelqo(Atletiko Madrid-İspaniya), Gizem Tenekeci (Frankfurt - Almaniya), Aytac Şərifova (Təhsil FK), Günay İsmayılova (Fidan FK), Manə Mollayeva (Qəbələ FK), Aysun Əliyeva (Neftçi FK), Firəngiz Teymurova (Təhsil FK), Süsən Mənsimova (Neftçi FK), Nigar Cəlilli (Fidan).
Əgər saydınızsa, yığmanın heyətinə çağırılan 18 nəfərdən 11 nəfəri əcnəbidi. Bu 11 əcnəbinin isə demək olar ki, 9-10 nəfəri əsas heyət üzvü sayılır. Yəni, yerli futbolçular millinin düşərgəsinə ya ehtiyatda oturmağa, ya da say düzəltməyə çağırılır.
İndi isə gəlin kiçik bir hesablama aparaq. Bu legionerlərin hər birinin millimizin düşərgəsinə buraxılması üçün onun klubuna 5 min avro ödənilir. Deməli, 11 legionerin milliyə hər dəfə dəvət olunması AFFA-ya 55 min avroya başa gəlir. Əgər təlim-məşq toplanışı on gün davam edərsə, hər gün üçün hər legionerə 200 avro sutkalıq ödənilir. Məsələnin maraqlı tərəfi bundan ibarətdi ki, eyni millinin düşərgəsinə çağırılan legionerlər 200 avro aldığı halda, azərbaycanlı qızlara cəmi 100 manat ödənilir. Digər tərəfdən nəzərə almaq lazımdı ki, bu 11 nəfərin gəliş-gediş biletlərini də AFFA ödəyir. Bütün bu rəqəmləri hesablayanda ortaya ağlasığmaz bir rəqəm gəlib çıxır. Amma bir anlıq düşünün ki, həmin oyunçuların heç olmasa yarısı öz milli çempionatımızda çıxış edir və klublara ödənilən məbləğlər büdcədə qalır.
AFFA-da da gözəl anlayırlar ki, bu cür "inkişaf"la nəinki Almaniya, İtaliya, İspaniya, Rusiya, Yaponiya kimi qrandlarla, heç ortabab millilərlə də başabaş mübarizə aparmaq mümkün deyil.
Əgər belədisə, bu qədər xərc-xəracat kimin nəyinə lazımdı? 2012-ci ildə Azərbaycanda keçirilən U-17 qızlar arasında Dünya çempionatındakı biabırçı məğlubiyyətlərə görəmi? Görünür AFFA-da köklü dəyişikliklərin olması üçün yeni növ biabırçılıqlar lazımdı. Öz ölkəsində üç oyun oynayıb, bir top belə vura bilməyən, əvəzində qapısında N sayda top görən məhz bu komandadı. O zaman da millinin heyətində 12 legioner çıxış edirdi və ortada milyonlarla pul göyə sovrulmuşdu.
AFFA rəhbərliyi, o cümlədən qurumun baş katibi Elxan Məmmədov anlamalıdı ki, xərclənilən milyonlar onların şəxsi pulu yox, dövlətin vəsaitidi. Yəqin ki, futbol mütəxəssisləri indi yazacağımız fikirlərə haqq qazandırarlar. Hər halda bu qədər pulla ən azı 4 klub yaradıb yüksək səviyyəli çempionat təşkil etmək mümkün idi. Yaxud da 4-5 xanım futbolçumuzun xarici klublarda oynamasına şərait də yaratmaq mümkün idi.
Ölkə büdcəsi AFFA-nın büdcəsindən bir az artıq olan ölkələrin milli komandaları reytinq sıralamasında xeyli geridədi. Bəs ölkə başçısının 2005-2015-ci illər futbolun inkişafına Dair Dövlət Proqramına ayırdığı vəsait hara xərclənib?
Bir neçə il öncəni xatırlamağa çalışaq. Yadınızdadısa, 5-6 il əvvəl AFFA-nın baş ideoloqu FIFA-nın "Fair Play" komitəsinə üzv olmaq üçün Azərbaycanın qadınlardan ibarət əsas yığma komandasını legioner çoxluğu bəhanəsiylə dağıtmışdı. Bəs altı il ərzində dəyişən nəsə oldumu? Lusiya Sançes nə vaxtdan azərbaycanlı oldu? Bəlkə Samara Ortiz azərbaycanlıdı, xəbərimiz yoxdu?
Əgər ölkənin yığma komandasının əsas heyətində oynaya biləcək 5-6 oyunçumuz yoxdusa, üçüncü növ legionerlərə güvəniriksə, o zaman daxili çempionatın keçirilməsi üçün yüz minlərlə vəsaitin xərclənməsinə nə gərək var? Məntiqlə belə görünür ki, burada məqsəd futbolun inkişafından daha çox, şəxsi mənafelərdi.
Elxan Məmmədovun AFFA-da işlədiyi on ilə yaxın müddət ərzində yəqin ki, bu qədər vəsaitlə daha keyfiyyətli işlər görmək olardı.
Məsələnin hüququ tərəfinə gəlincə, bu 11 nəfərin millimizin heyətində oynaması FIFA-nın qaydalarına ziddi. Belə ki, ali futbol qurumunun milli komandalarda çıxış edən futbolçularla bağlı sənədində bu barədə açıq şəkildə yazılıb. Həmin sənədə əsasən, ölkənin milli yığma komandasında həmin ölkənin vətəndaşları, yaxud vətəndaşlığı qəbul etmiş və ya ikili vətəndaşlığı olan futbolçular çıxış edə bilərlər.
Azərbaycan Respublikasının Miqrasiya Haqqında Qanununda da göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxslər bu ölkədə 5 il fasiləsiz yaşamalıdılar.
Sual olunur: Bu əcnəbilərdən hansı Azərbaycanda 5 il yaşayıb ki, vətəndaşlıq alıb və milli formamızı geyinir? Yəqin ki, cavab verilməsi müşkül sualdı. Deməli, saxtakarlığın diapazonu daha böyükdü.
Son olaraq, bir anlıq təsəvvür edək ki, 11 legionerin millimizdə çıxış etməsində heç bir qəbahət yoxdu. Bəs o zaman necə olur ki, bütün futbol ictimaiyyəti neçə ildi "Qarabağ"ın braziliyalı legioneri Reynaldonun əsas millimizdə oynaması üçün Elxan Məmmədovdan yardım istəyir, Məmmədov isə hər vəchlə buna mane olmağa çalışır? Halbuki, Reynaldo ən formasız vaxtında belə Ruslan Qurbanovdan, Rüfət Dadaşovdan daha səviyyəli futbolçudu. Cavab çox sadədi. Çünki Reynaldonun millimizdə çıxış etməsinin Elxan Məmmədova heç bir maddi xeyri yoxdu.
ölkə.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər