Kaxaber Tsxadadzenin Qazaxıstandakı işləri qaydasında getmir. Fanat.az xəbər verir ki, gürcü çalışdırıcı heyətində yetərincə səviyyəli və bahalı futbolçular olan "Kayrat"ı heç cür böhrandan xilas edə bilmir.
Kaxanın debüt oyununda səfərdə "Atırau"nu 1:0 hesabıyla məğlub edən Almatı təmsilçi o vaxtdan bəri qola və qələbəyə həsrət qalıb.
Ötən tur doğma meydanda autsayder "Şaxtyor"un müqavimətini qıra bilməyən "xalq komandası" qolsuz heç-heçə və bir xalla kifayətlənmişdi. Bu tur da Kaxanın üzü gülməyib. Çimkəndə səfər edən "Kayrat" yerli "Ordabası"ya minimal hesabla uduzub - 0:1.
Heyətində Andrey Arşavin, Anatoli Timaşuk kimi ödənişli futbolçular olan "Kayrat" 6 turdan sonra topladığı 5 xalla turnir cədvəlində 9-cu sırada yer alıb. "6-lıq" sistemiylə keçirilən Qazaxıstan çempionatından 12 komanda yarışır. "Ordabası"yla oyundan sonra keçirilən mətbuat konfransında məsuliyyəti üzərinə götürdüyünü deyən Kaxa azarkeşlərdən üzr istəyib və səhvlərdən nəticə çıxaracaqlarına söz verib.
Öz növbəsində "Kayrat" azarkeşləri sosial şəbəkələrdə və idman saytlarının keçirdiyi forumlarda narazılıqlarını açıq şəkildə bildirirlər. Onların arasında Kaxabar Tsxadadzeni geriyə, Gürcüstan millisinə göndərib, "Kayrat"ın sabiq baş məşqçisi Vaysın geri qaytarılmasını tələb edənlər də var. (sport7.az)
Fanat.az