Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib - futbol qurumunun rəsmi saytında onun istefası haqqında qısaca belə yazılıb.
Sport7.az ispaniyalı çalışdırıcının qəfil gedişinin səbəblərini araşdırmazdan öncə yaxın keçmişə qısaca nəzər salır və sizinlə birlikdə Peresin bir müddət öncə öz dilindən səsləndirdiyi fikirləri xatırladır.
47 yaşlı çalışdıcı aprelin əvvəlində İspaniya mətbuatına verdiyi açıqlamada belə deyirdi: "Biz Naxçıvanda yaşamırıq, Bakıda qalırıq. Çempionat Bakıda keçirildiyindən, ölkəni gəzməyə ehtiyac olmur. Bir əcnəbi olaraq, yaşayışımız, maaşımız çox yaxşıdı. Burda ay ərzində orta hesabla 150 avro məvacibə yaşamaq mümkün deyil. Bakıda həyat başqa paytaxtlardakı kimi ucuz deyil. Bakı çox gözəl, tarixi və müasir şəhərdi. Bir tərəfdə tarixi, digər tərəfdə isə hündürmərtəbəli binalara rast gəlmək mümkündü".
Göründüyü kimi, Peres Azərbaycandakı yaşayışından heç bir narazılıq etmir, evi və ailəsi üçün darıxdığını demir, maaşının və yaşayış şəraitinin onu qani etdiyini deyir.
Aprelin 12-də Hollandiya ilə tarixi oyundan sonra da Peresin əhvalı yerindəydi. O, Azərbaycan millisinin dünya çempionatına çıxarmaqla tarix yazmasından xoşbəxtliyini gizlətmir: "İlk növbədə Azərbaycanı bu tarixi qələbə münasibətilə təbrik edirəm. Bu, təkcə bizim yox, bütün Azərbaycanın qələbəsidir". Elə eyni açıqlamasında Peres gələcək planlarına ehyam vurub: "Bu, mənim üçün də dünya çempionatının ilk final mərhələsi olacaq. Çalışacağıq ki, orada da yaxşı çıxış edək. Həmin vaxtadək heyətin gücləndirilməsi üzərində çalışacağıq".
Bu açıqlamarı oxuyan hər kəsdə təəssürat formalaşır və əminlik yaranır ki, bir-neçə gün bundan əvvələ qədər Peresin Azərbaycandan ayrılmaq fikri olmayıb. Nə baş veribsə, qəfildən, özü də elə son 1-2 günün ərzində baş verib və ispaniyalı mütəxəssis artıq burda qalmağın mənasız olduğunu anlayıb.
Onun istefasından sonra verdiyi açıqlamalar isə daha çox siyasi gedişi xatırladır: "Ailəsiz yaşamaq çox çətindir. Azərbaycanı tərk etməyimin yeganə səbəbi ailə vəziyyətimdir. Bundan sonra ailəmə daha yaxın olmaq istəyirəm. Şadam ki, Azərbaycan yığmasında işləmək mənə nəsib oldu. AFFA-nın baş katibi Elxan Məmmədov, futzal federasiyasının prezidenti Zaur Axundov sağ olsun ki, məni bura dəvət etdilər, inandılar".
Dünən apardığımız qısa araşdırmadan sonra məlum oldu ki, Peresin gedişinə AFFA rəhbərliyi, konkret olaraq qurumun baş katibi Elxan Məmmədovla yaranmış fikir ayrılığı səbəb olub. Çalışdırıcıya mundiala vəsiqə qazanacağı halda böyük məbləğdə mükafat və hazırlıq üçün ideal şərait, yeni oyunçuların cəlb olunması üçün dəstək vəd olunub. Millimiz qarşıya qoyulan məqsədə nail olduqdan sonra isə Elxan Məmmədovla Zaur Axundov çalışdırıcını get-gələ salıb, qeyri-müəyyən situasiyanın yaradılmasına nail olublar. Bununla da onlar Peresə psixoloji təsir göstərib, onun postundan könüllü əl çəkməsinə hazırlıq görüblər. Onların qənaətincə dünya çempionatına qatılmaz Azərbaycan üçün tarixi və maksimum nəticədi. Bundan sonra əlavə xərcə düşməyə, futzalçılara və Peresə vəd olunan paranı verməyə lüzum görülməyib.
Peresin isə kifayət qədər tədbirli olduğuna şübhə yoxdu. Çox güman ki, ispaniyalı mütəxəssis ölkəsinə getdikdən sonra hüquqi yollara əl atacaq, haqq etdiyi pulları FİFA və UEFA-nın yardımıyla alacaq. Ara yerdə Azərbaycanın adı yenə də biabırçı məhkəmə proseslərində çəkiləcək.
Fanat.az