Tanrı Maykl Cordan cildində

Tanrı Maykl Cordan cildində
Cordanın qayıdışı sayəsində "Bullz” son 13 oyunun 6-dan qalib ayrılmışdı. "Vaşinqton” üzərində qazanılan qələbədən sonra mövsümü 30-52-lik (30 qalibiyyət, 52 məğlubiyyət) göstərici ilə səkkizinci sırada bitirərək, son anda özlərini pley-offa ata bilmişdilər.
8-ci "Bullz” pley-off ilk turunda Şərq konfransının lideri "Boston”la qarşılaşacaqdı.  Red Auerbaxın prezident, Key Si Consun isə baş məşqçisi olduğu "Seltiks” 41 ev oyununun cəmi 1-də məğlubiyyətlə üzləşmişdi. Lerri Börd ardıcıl üçüncü MVP (ən dəyərli oyunçu) mükafatını qazanmaq, "Seltiks” isə ard-arda dörd NBA final seriyası (bu seriyada iki çempionluq qazanmışdılar) hədəfinə doğru əmin addımlarla irəliləmək üzrə idi. İrəlidə Börd, Kevin MakHeyl kimi forvardları, Robert Periş və Bill Uolton kimi mərkəz oyunçuları olan möhtəşəm komandadan söhbət gedir. Mövsüm sonunda françayz tarixinin 16-cı çempionluğunu qazanmağı hədəfləyirdilər.
Bill Uolton o günləri belə xatırlayır: "Bir-birini tamamlayan heyət, əla məşqçi, ofisdə Redin fenomenal liderlik qabiliyyəti, heyranedici azarkeşlər, ev oyunlarındakı mükəmməl nəticə... – istənilən oyunda qələbə qazana biləcək komandamız var idi. Və Lerri Börd... – birlikdə oynadığım ən böyük oyunçu. Azarkeşləri onun qədər həyəcanlandıra bilən başqa birini görməmişəm. Oyunçu tərəfini bir kənara qoyaq, insani və liderlik keyfiyyətləri ilə daha da ön plana çıxırdı. O, hətta bizim xəyallarımızda, xatirələrimizdə canlandırdığımızdan belə, daha yaxşı oyunçu idi. Saat, qaydalar, hakimlər... – önündə bir çox manelər var idi, ancaq o, yaradıcılığı ilə ön plana çıxan sənətkar idi. O, Mikelancelo idi, Bob Dilan idi. Lerri heç kimin görmədiyi şeyləri görür, sonra isə o qığılcımı hərəkətdə icra edirdi. Bördün bənzəri yox idi”.
"Boston”un baş məşqçisi Key Si Cons oyunçu vaxtlarında, bəlkə də, ən yaxşı təzyiq edən qardlarından biri idi. Bill Rassellə birlikdə çempionluq ardınca çempionluq qazanmışdılar. Həmin ilin aprel ayında oyunçuları necə özlərinə güvənirdilərsə, onun da eyni formada, özünə inamı tam idi. Cons tor-töküntü halında olan "Çikaqo”ya və zədədən qayıdan gənc ulduza qarşı xüsusi önləm almağa ehtiyac görməmişdi.
Kevin MakHeyl: "Həqiqətən də, ona qarşı dabl-tim etmək planımız yox idi. Heç bir şey etmədik. Sadəcə, buraxdıq ki, ata biləcəyi qədər atsın. Yəqin ki, birinci oyunda nələr etdiyi yadınızda olar”.
Dabl-timsiz Cordan ilk oyunda meydanda olduğu 43 dəqiqə ərzində 49 xal atmışdı. Buna rəğmən, "Boston” "Çikaqo”nu çətinlik çəkmədən məğlub etmişdi - 123:104.
İlk görüşün fasiləsində diktor Tom Heynson demişdi: "Seltik”in Cordana qarşı fərdi müdafiə planı işə yaramır”.
Seriya boyunca Cordana nəzarət Dennis Conson və Denni Eyncə tapşırılmışdı. Onlar hər ikisi əla müdafiəçilər idilər. Əvəzedicilərdən isə Cerri Siçtinq və Rik Karlayl meydanda olanda eyni işi görürdülər.
MakHeyl: "Öz-özümüzə düşünürdük ki, yəqin birinci oyundan sonra ona qarşı dabl-tim və ya ona bənzər bir şey edərik. Key Si Cons isə dedi: "Bu barədə düşünəcəyik”. Mövsüm ərzində cəmi 30 qələbə qazanmışdılar, biz isə 67. Bizi dayandırmaq ehtimalları yox idi”.
3 gün sonra "Boston Qarden”də oynanılan ikinci oyun üçün Cordanın öz planları var idi. Sidney Qrin həmin günü belə xatırlayır: "Oyundan öncə soyunub-geyinmə otağında sükut hakim idi. Maykl tamamilə matça fokuslanmışdı. Bilirdik ki, nəsə böyük bir şey etmək niyyətindədi”.
Oyun iki overtayma gedir. 53 dəqiqə meydanda qalan Cordanın 41 atışından 22-si dəqiq olur. "Seltiks” bir neçə dəfə ona qarşı qaydanı pozmuşdu. Nəticədə Maykl 21 sərbəst atışdan 19-nu xala çevirmişdi. Həmçinin onun aktivində 6 assist, 5 ribaund, 3 top oğurlama var idi. Cordanın həmin oyundakı 63 xallıq performansı NBA pley-offları tarixində rekord sayılır.
Börd oyundan sonra demişdi: "Tanrı Maykl Cordan cildində meydanda idi”. Bu, Cordanın karyerasını özətləyən videolenti əbədi "bəzəyəcək” fikir idi. O, basketbol tarixinin, bəlkə də, ən yaxşı komandasını vahiməyə salmışdı.
Uolton: "İlk matçda 49 xal atsa da, 20 xal fərqi ilə qələbə qazandıq. Öz-özümüzə deyirdik ki, yəqin bir də bənzərini edə bilməz. Ancaq növbəti görüşdə 63 xal atdı, sayəsində, az qala, bütün komanda cəza limitini doldurdu və o gün Börd insanlıqdan çıxmasa, biz iki overtaym sonunda qələbə (135:131) qazana bilməzdik”.
Börd həmin gün meydanda olduğu 56 dəqiqə ərzində 36 xal toplaya bilmişdi. MakHeyl – 27 xal, Eync – 24 xal, Conson – 15 xal, Periş – 13 xal, Uolton – 10 xal... - Cordanın qarşısını almaq üçün "Seltiks” komanda halında ortaya bir şeylər qoymağa məcbur olmuşdu.
MakHeyl: "Doğrudan da, onun üzərinə plan qurmamışdıq. Sadəcə, meydana çıxdıq və dedik: "Biz həmişəki kimi, normal şəkildə müdafiə olunacağıq. Xal ata bilərsənsə, at”. Heç kim 60 və daha çox xal atacağını təxmin etmirdi”.
Uolton əlavə edir: "Seriyanın ikinci oyunundan sonra soyunub-geyinmə otağında aramızda qərar verdik: "Bu uşaq çox yaxşıdı. Gəlin, ona qarşı dabl-tim edək və Deyv Korzin və komandanın geri qalan hissəsinin nəyə qadir olduğunu izləyək”.
Dabl-timlə üzləşən Cordan "Çikaqo Stedium”da oynanılan üçüncü qarşılaşmada 18 atışdan sadəcə 8-də dəqiq olur. O, "Bullz”un 104:122 hesabı ilə məğlub olduğu oyunda 19 xal, 12 ribaund və 9 assistlə oynamışdı.
MakHeyl: "Maykla qarşı dabl-tim etdik və topu ondan aldıq. Məhz həmin gün sırf ona qarşı planla meydana çıxmışdıq. İnsanlar bəzən seriyada "Bullz”a bir oyun belə, vermədiyimizi unudurlar. 3-0 bitdi və evimizə qayıtdıq”.
Demək olar ki, bütün NBA və fanatlar Cordanın performansından sonra həyəcanlanmışdılar. Dörd il əvvəl o, NCAA finalında Corctauna qarşı sona 14 saniyə qalmış komandasına qələbə qazandıran basketin müəllifi olmaqla diqqətləri üzərinə çəkmişdi. Ancaq Börd və onun "Seltiks”inə qarşı göstərdiyi performans Cordan əfsanəsini bir üst səviyyəyə çıxardı. Mayklın NBA-nın ən yaxşı komandasına qarşı etdiyi şeylərdən sonra məşqçilər və azarkeşlər gözlərini ondan ayırmırdılar.
Sidney Qrin: "Heyranedici idi. Mən Mayklı tanıyıram. İnsanların "filan şeyi edə bilməzsən” deyə düşünməsini sevən biridi. Sanki bu yolla onun atəşinə əlavə benzin tökürdülər. Və Cordan təkcə özünə yox, həm də hamıya zədəli halda belə, oynamağa hazır olduğunu isbatlamağa çalışırdı”.
Hər şeydən çox, baş verənlər "Çikaqo” rəhbərliyinə mesaj idi. Cerri Raynsdorf (klub sahibi) sonradan etiraf etmişdi: "Məhz həmin oyunda (63 xallıq) Mayklın gələcəkdə necə böyük bir basketbolçu ola biləcəyinin fərqinə vardıq”.
Sözügedən matç həmçinin şəxsi zəmində də Cordan üçün önəmli idi. Maykl illər sonra deyirdi: "O dövrdə bir çox media nümayəndəsi yaxşı olduğumu desə də, məni Məcik Conson və ya Lerri Börd səviyyəsində görmürdülər. Həmin gün Lerrinin hörmətini qazandım. Bu, doğru yolda olduğum anlamına gəlirdi. Məsələ atdığım xallar deyil, nəticədə günün sonunda biz məğlub olmuşduq. İzləmək üçün yaxşı özət idi, ancaq uduzduğum üçün çox da əyləncəli deyildi. O zamanlar aldığım ən gözəl kompliment idi...”
Hazırladı: Rüfət Məcid
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər