Futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış edən "Energetik"in vəziyyəti heç də ürəkaçan deyil. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, komanda maddi çətinliklərlə yanaşı, məşq etməyə meydança da tapmır.
Buna səbəb Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun direktoru Akif Hüseynovun özbaşınalığıdı. Məlumata görə, cənab Hüseynov sözügedən arenanı 300 manata şəhərin komandasına icarəyə verib. Əvvələr "Energetik" burada həftə ərzində 2-3 dəfə məşq edirdisə, indi bu da müşkül məsələyə çevrilib. Belə ki, stadionun ot örtüyünün sulanmamasına görə meydança futbol oynamaq üçün yararsız vəziyyətə düşüb.
Kür çayının sahilində yerləşən arenanın ot örtünün sulanmaması qəbuledilməzdir. Ancaq bizə verilən məlumata görə, Akif Hüseynovun belə addım atmasının öz səbəbləri var. O, ot örtüyünü ona görə sulamır ki, su pul yazır. Bəli, stadiona qoyulan su sayğacı rəhbər şəxsin gözünü qorxudub.
İdman ölkəsində Akif bəyin belə bir addım atması adamı təəccübləndirməyə bilməz. Görəsən, Gənclər İdman Nazirliyinin nəzdində olan Yaşar Məmmədzadə adına stadionu Hüseynov niyə öz şəxsi mülkü hesab edir? Biz hələ onun stadionda kirayə verdiyi kafedən, maşın dayanacağından gələn gəlirləri demirik...
Fanat.az