Azərbaycanın ən çox azarkeş kütləsinə sahib olan iki klubundan biri - "Xəzər Lənkəran" tarixin arxivinə köçməyə hazırlaşır. Premyer Liqanı tərk edən əsas komandanın faliyyətinə son qoyulub, aşağı yaş qrupları üzrə komandaların isə çıxış edəcəyi deyilir. Amma bunun da nə vaxta qədər davam edəcəyi hələ bilinmir.
"Xəzər Lənkəran"ın problemləri son günlər yox, təxminən bir il əvvəl başlamışdı. Əcnəbi futbolçulara olan borclar üzündən FIFA-nın qoyduğu transfer qadağası bir yana, klubun büdcəsi də ən aşağı səviyyəyə endirilmiş, futbolçular və əməkdaşlar cüzü maaşlarını belə ala bilmirdi. Çünki dünyadakı maliyyə böhranının klubun sahibi Mübariz Mənsimovun da biznesindən yan ötməmişdi. Artıq "Palmali"nin sahibi kluba milyonlarla manat büdcə ayırmaq gücündə olmadığını bildirirdi.
Bütün bunları elə belə xatırlatmadıq. Redaksiyamıza Mübariz Mənsimovun biznesində yaranan problemlərlə bağlı maraqlı məlumat daxil olub. Fanat.az-a açıqlama verən adının açıqlanmasını istəməyən rəsmi şəxsin sözlərinə görə, "Palmali"də yaranan maliyyə böhranının bir qismi də Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) qaynaqlanır. Məlum olduğu kimi, Mübariz Mənsimova məxsus gəmilər dünya sularında əsasən neft daşımaları ilə məşğul olur. "Palmali"nin əsas tərəfdaşlarından biri də SOCAR-dı. Və dövlət şirkəti ilə "Palmali" arasında əməkdaşlıq uzun illərdi davam edir.
Amma son illərdə tərəflər arasında müəyyən problemlər yaranıb. Daha doğrsu, SOCAR "Palmali"yə neft daşımalarına görə ödəməli olduğu pulları ödəyə bilmir. Artıq uzun müddətdi ki, dövlət şirkəti Mübariz Mənsimovun holdinqi qarşısındakı öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Neftin kəskin ucuzlaşmasından, ölkədəki iki devalvasiyadan sonra yararan bu durum təbii ki, "Palmali"də maliyyə böhranına səbəb olur.
SOCAR-la "Palmali" arasındakı maliyyə böhranının ən böyük təsiri məhz "Xəzər Lənkəran"a dəyir. Çünki Mübariz Mənsimov kluba maliyyə ayıra və FIFA-nın tələb etdiyi borcları ödəyə bilmir. İndi şirkət rəhbəri deyir ki, SOCAR pulumu versin, mən də FIFA-nın tələb etdiyi borcları ödəyim. Beləlikdə, "Xəzər Lənkəran"ın Premyer Liqaya yolu yenidən açılsın.
SOCAR-ın "Palmali"yə nə qədər borcu olduğunu bilmirik. Amma bu barədə Fanat.az-a danışan mənbə bildirir ki, həmin məbləğ FIFA-ya olan borclardan ən azı 10 dəfə çoxdu. Bu pulla klubun borclarını da ödəmək olar, hələ çempionluğa iddialı heyət də qurmaq...
Məsələ ilə bağlı müraciət etdiyimiz "Palmali" və klub rəsmilərindən heç biri rəsmi açıqlama vermək iqtidarında olmadıqlarını bildirdilər. Bir sözlə, nə danışma gücləri çatır, nə də borclarını ala bilirlər. Arada olan "Xəzər Lənkəran"a olur.
Bu günə qədər bununla bağlı danışmayan Mübariz Mənsimovu da başa düşmək olar. İş adamının özünün biznes maraqları, həm də çəkindiyi məqamlar var. Elə ona görə də danışmır və yəqin ki, bundan sonra da danışmayacaq. Beləliklə, "Xəzər Lənkəran" da futbol səhnəsindən tamamilə silinib gedəcək...
Pərvin Kazımoğlu
Fanat.az