"Uotford"un gənclər komandasının hücumçusu 17 yaşlı Kristian Şevçenko Ukrayna vətəndaşlığını almaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "Bombardier" məlumat yayıb.
Mənbənin məlumatına görə, Andrey Şevçenkonun oğlu Ukrayna vətəndaşlığını almaq üçün artıq müvafiq sənədləri təqdim edib.
Bugünlərdə Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilən Şevçenko oğlunun milli komanda seçimi ilə bağlı bunları deyib: "Təbii ki, millinin səviyyəsinə çatsa, Ukraynada oynayacaq. O, öz səviyyəsini göstərməlidir. İndi onun cəmi 17 yaşı var. “Uotford”da möhkəmlənsə və oynasa, U-17 və ya U-19 millimizin mütəxəssisləri ona diqqətlə baxıb dəvət etsələr, o zaman gələcək”.
Kristian Şevçenko 2006-cı ildə Londonda anadan olub və İngiltərə vətəndaşıdır. O, karyerasına “Çelsi”nin Futbol Akademiyasında başlayıb. 2023-cü ilin yayında "Uotford"a keçib və bu İngiltərə klubu ilə iki illik müqavilə imzalayıb. O, hazırda "Uotford"un U-18 komandasında oynayır. Kristian mərkəz hücumçusu mövqeyində çıxış edir.
Mirağa