AGİN federasiyalardan hesabat tələb edirmi? - AÇIQLAMA

AGİN federasiyalardan hesabat tələb edirmi? - AÇIQLAMA
Azərbaycanda səksəndən çox idman federasiyası var. Çoxluğuna aldanmayaq! İmkanlarına görə iki qrupa bölünən federasiyalar sponsorlu və "ələ baxanlar” kimi xarakterizə edilir. Maraqlıdı ki, bir çoxlarının varlığndan  Gənclər və İdman Nazirliyinin saytından başqa, heç bir rəsmi mənbədən xəbər tutmaq olmur. Necə ola bilər ki, AGİN-nin rəsmən dəstəklədiyi ictimai qurumlar işinə qeyri-peşəkar yanaşsın? Əksəriyyətinin saytı yox, olanların çoxu isə bərbad səviyyədə... Axı mətbuat ilk olaraq qurumun fəaliyyətini, gördüyü işləri, hesabatlarını saytları vasitəsi ilə izləməlidi. "AGİN həmin federasiyalardan hesabat tələb etmirmi” kimi suallar çoxdu. Elə bu səbəbdən də nazirliyin mətbuat katibi Səmayə Məmmədova ilə əlaqə saxlayıb suallarımızı ünvanladıq. 
- Federasiya ilə nazirliyin qarşılıqlı öhdəliyi varmı?
- Federasiyaların idmançılarının nazirlik tərəfindən təsdiq olunmuş əsasnaməsi var. Bu sənədə əsasən ilin sonunda növbəti il üçün idmançıların gedəcəkləri yarışlar təqdim edilir. Bu yarışlar təsdiq olunmuş əsasnamənin qaydalarına uyğun olmalıdı. Yəni orda ölkələrin sayı, çempionatın nüfuzu, neçə idmançının qatılacağı nəzərə alınır. İdmançıların yarışa göndərilməsi, müxtəlif dərmanlarla təmin olunması, eyni zamanda, təlim-məşq toplanışlarının xərci nazirlik tərəfindən ödənilir. Nazirliyin saytının idman bölməsində tədbirlər haqda məlumat var. Həmin o təqvim əsasnaməyə uyğun olaraq federasiyalar tərəfindən təqdim olunan yarışların təqvimidi. Həmçinin orda təlim məşq toplantıları da əksini tapıb. Bakıda, rayonlarda və ölkə xaricində keçirilən... 
- Bura AFFA, AŞF də aiddi? 
- Xeyr, sponsoru olan federasiyalar aid deyil. 
- Nazirlik tərəfindən federasiyalardan illik hesabat tələb edilirmi? 
- Bayaq dediyim kimi, əsasnaməyə uyğun olaraq federasiyalar bizə yarış cədvəlini, təlim-məşq toplantılarını təqdim edirlər və bunun əsasında onlara maliyyə ayrılır. Təbii ki, güləşə ayrılan maliyyə ilə ciucitsuya ayrılan maliyyə ilə eyni ola bilməz. Güləş Olimpiya idman növüdü. 
- Bəs sponsoru olan federasiyalar nazirliyə maliyyə hesabatı təqdim edirmi? 
- Sponsor xətti ilə yarışlara qatılan federasiyalar nazirliyə hesabat təqdim etmir. Onların bizə aidiyyatı yoxdu. Məsələn, karate üzrə Avropa çempionatını nazirlik keçirəcək. Bu yarışın bütün xərclərini Azərbaycan Gənclər və İdman Nazirliyi qarşılayacaq. Buna görə karate federasiyası bizə hesabat təqdim edəcək. Bizim hər bir idman növü üzrə kuratorumuz var. Bu məsələlərlə bağlı əmrlər və təkliflər hazırlanır, ilin sonunda nəzərdən keçirilir, yoxlanır. O ki qaldı sizin dediyiniz yoxlanışa, mütləq şəkildə bizim kuratorlarla federasiyanın nümayəndələri həmişə fikir mübadiləsi aparır. Artıq keçən həftədən Olimpiada ərəfəsində olduğumuz üçün cənab nazirlə hər bir federasiya rəsmilərinin ayrı-ayrılıqda görüşləri başlayıb. Cənab Azad Rəhimovla federasiyaların nümayəndələri müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparır. Məsələn, filan idman növündə bizi hansı uğurlar gözləyir? Və ya hansı idman növündən Olimpiadaya lisenziyalar qazanacağıq? Hansı boşluqları Olimpiadaya qədər doldurmalıyıq? Yəni biz federasiyalarla işi gündəlik aparırıq. 
- AGİN-nin rəsmi saytında federasiyalar haqında məlumatlar bölümündə həmçinin də rəsmi saytları qeyd olunur. Təəsüflər olsun ki, bəzi saytların durumu bərbaddı. Məsələn, Azərbaycan Şahmat Federasiyasının saytı. Bu tip federasiyalara heç olmasa,  tövsiyyə xarakterli bildirişlər vermək hüququnuz yoxdu?
- Biz onları maliyyələşdirmədiyimiz üçün irad bildirməyimiz doğru olmaz. Təbii ki, iradlarınızı nəzərə alacağıq. Mən Mahir müəllimlə (qurumun vitse-prezidenti mahir Məmmədovu nəzərdə tutur - red.) danışacam. Deyəcəm ki, jurnalistlər tərəfindən belə bir fikir irəli sürülüb ki, sizin saytınız olsa, çox yaxşı olar. Ümid edirəm ki, müsbət cavab alacağam. 
 
Rafael
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər