"Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 3:3 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
- Nəsə demək çox çətindi. Oynayan bir komanda idi, finala çıxan başqa komanda. Futbolçularım hər şeyi yaxşı etdi. Həddindən artıq istəkli idik. Ancaq buraxdığımız 1-ci qol bizi bir az ruhdan saldı. İkinci hissə yaxşı oynadıq. Bəlkə də, vaxt çatmadı 4-cünü vuraq. Bu cür oynasaq, bəzi dəyişikliklər olsa, yaxşı komandamız var. Bu mövsümü uğursuz saya bilərik. Futbolçulara da nəsə deməyə haqqım çatmır. Nə bacarırdılarsa, etdilər. Gələcəyə ümidlə baxırıq.
- Sizin uduzduğunuz komanda, adətən finalda kuboku qazanır. Sizcə, bu mövsüm də "Sumqayıt" finalı qazana bilərmi? - Bundan sonra "Sumqayıt"ı dəstəkləyirəm. Arzum odu ki, kuboku onlar qazansın.
- Ötən mövsüm legioner azlığından şikayətçi idiz. Ancaq bu mövsüm əlinizdə çoxlu legioneriniz ola-ola bir uğur qazana bilmədiz... - Mən "Zirə"yə gələndə komanda birinci yerdə deyildi. Komanda yaratmaq üçün vaxt lazımdı. Mən götürdüyüm legionerlər yanvarda bizə qoşuldu. Onlar özlərinə gəlincə vaxt getdi. Komandadan, durumumuzdan razıyam. "Sumqayıt"dan fərqli şəraitdəyəm.
- Razı olardızmı ki, əvvəlki 3 qələbəni verib, bu gün qalib gələrdiz? - O cür istəklə qapında qol görürsənsə, deməli bu gün qismətimiz deyildi.
- Bilal Həmdi və Pərdisi oyuna sonradan daxil etdiz... - Bilalın zədəsi var idi. Əsas heyətdə buraxsaydım, risk almış olardım. Meydana yarımcan çıxmışdı. Hesab məcbur etməsəydi, Bilal bəlkə də, meydana daxil olmazdı.
- Səfər qolunun ləğv olunmasının tərəfdarısızmı? - Kaş, bu oyundan əvvəl ləğv edərdilər.
- Şans verilsə, komandada dəyişikliklər olacaqmı? - Əlbəttə, gedənlər də, gələnlər də olacaq. Ancaq əvvəlcə rəhbərliklə oturub danışırıq, sonra qərarlar veririk.
- İsmayıl Fofananı milliyə namizəd görmüşdüz. Ancaq bu gün onu tez əvəz etdiz. Milli bu qədərmi zəifdi? - Bu, zarafat idi. Jurnalistlərlə zarafat etməyi xoşlayıram. Fofana da pis futbolçu deyil.
Fanat.Az