"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında "Bney Yehuda”yla evdə 2:2 hesabıyla nəticələnən görüşdən sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matçı şərh edib: - İlk dəqiqələrdən rəqibin 8-9 nəfərlə müdafiə olunacağını gözləyirdik. Bəzən onlara 2 hücumçu da qoşulurdu və bütün komanda şəklində müdafiəyə otururdular. İlk hissədə hücum qurmaqda çətinliklər yarandı. Rəqib isə əks-hücumlar quraraq şanslarından istifadə etdi. Hesab 0:2 olmazdan öncə təhlükəli epizodlarımız var idi, lakin istifadə edə bilmədik. Buna baxmayaraq, komanda toparlandı və sona qədər döyüşdü. Müdafiədə bəzi boşluqlarımız var. Çalışacağıq ki, bunları düzəldək. Futbolçularımın göstərdiyi xarakter məni qane etdi. Sona qədər təslim olmadılar. Çalışacağıq ki, cavab oyununda daha yaxşı çıxış edək.
- Sizi 8-9 nəfərlə müdafiə olunan komandadan 2 qol buraxdığınıza görə tənqid edək, yoxsa 11 nəfərlə müdafiə olunan komandaya 2 qol vurduğunuza görə tərifləyək? - Bu, sizdən asılıdı. Tənqid edə də bilərsiz, tərifləyə də. İlk hissədə istəyirdik ki, ötürmələrlə hücum quraq. Ancaq səhvlər etdik və rəqib bizi cəzalandırdı. Buna baxmayaraq, toparlandıq və xarakter göstərərərəkqollar vurduq.
- Bu gün əvvəlki matçlarla müqayisədə Mamadu Kanenin əvəzinə Vangelis Platellası oynadırdız. Düşünmürsüz ki, "Arsenal”la oyunlarda daha doğru seçim etmişdiz? Söhbət Sonni Mustivar - Mamadu Kane tandeminin meydanda olmasından gedir.... - Oyunu düzgün qiymətləndirək. "Arsenal” və "Bney Yehuda” fərqli oyunlar göstərdi. "Arsenal” futbol oynayırdı, bugünkü rəqibimiz isə yalnız müdafiə olunurdu. "Arsenal”ın orta sahəsi güclü olduğuna görə Kaneni oynatmışdıq, bu gün isə bizə kreativ Platellas lazım idi. Hətta Dabo və Namiqi də meydana buraxdıq ki, hücumda fərqlilik edək.
- Dünən mətbuat konfransında demişdiz ki, "Bney Yehuda” yalnız müdafiədən oynayacaq. Ancaq bu gün ilk hissədə rəqib fərqli çıxış etdi. Bundan başqa, sosial şəbəkələrdə də artıq "Neftçi”nin bu rəqibi asanlıqla keçəcəyi ilə bağlı fikirlər var idi. Bunlar da futbolçuların psixologiyasına təsir edir. Düşünmürsüz ki, rəqibin yalnız müdafiədən oynayacağı ilə bağlı fikirlər iki qol buraxmağınıza səbəb oldu? - Rəqibə qarşı hazırlığımız həftəboyu davam etmişdi. Bilirdik ki, "Bney Yehuda" necə oynayacaq. Sosial şəbəkələrdə yazılanlara fikir verməli deyilik. Yalnız oyuna hazırlaşmalıyıq. Bütün futbolçuların konsentrasiyası bu görüşəidi. Yaxşı da hazırlaşmışdılar. Sadəcə, müdafiədən hücuma çıxanda səhvlər etdik və rəqib də bunlardan yararlandı.
- Buna qədər qol buraxmamışdız və deyirsiz ki, müdafiədə səhvlər etdik. Cavab oyununda bunları aradan qaldırmaq mümkün olacaq? - Komanda qol vuranda bu, yalnız hücumçuların işi olmur. Müdafiə ilə bağlı da eyni şeydi. Sırf müdafiəçilərin səhvindən qol buraxmadıq. Bütün komanda şəklində səhvlər etdik. Bunların üzərində işləyəcəyik. Rəqib bütünlüklə müdafiəyə çəkilmişdi. Biz isə hücumu mərkəzdən qurmağa çalışırdıq. Bu da bizə baha başa gəldi. Ancaq futbolçuların xarakteri vəziyyəti dəyişdi. İnanıram ki, mərhələni biz keçəcəyik.
- Aqressiv görünürdüz. Etirazlarınız hakimə idi, yoxsa vaxt uzadan rəqibə? - Düşünmürəm ki, aqressiv insanam. Əlbəttə, rəqib ikinci hissədə futbol oynamadı, yalnız vaxt uzatmaqla məşğul idilər. Oyuna 90 dəqiqə baxdız, yoxsa yalnız sonlarına?
- Sona qədər baxmışam. Mən də sizlə yanaşı həmin həyəcanı, aqressiyanı yaşadım... - Hamı qələbə istəyirdi. Bilirəm ki, hər kəs bizi dəstəkləyirdi. Rəqibi də qiymətləndirməmək istəmirəm. Ağıllı futbol göstərib, düzgün müdafiə olundular.
- Mərkəz müdafiəçilərinin standart vəziyyətlər zamanı irəli getdiyini görmüşük. Ancaq Mamadu Mbodj meydana sırf hücumçu kimi daxil oldu. Keçən oyun qol vurduğuna görə bu qərarı verdiz? - Mbodj elə futbolçudu ki, uzun ötürmələr zamanı başla yaxşı oynayır. Oyunun sonunda gördüm ki, arxada müdafiəçi saxlamaq mənasızdı. Çünki rəqib qapımıza yaxınlaşmırdı. Buna görə də Mbodju hücuma qoymaqla hündürlük yaratmağa çalışırdıq. O, belə epizodlarda faydalı ola bilir.
Mənbə:Sport24.Az