Rauf Əliyev uzun müddət sonra qol vurub. Fanat.az xəbər verir ki, "İnter"in hücumçusu Premyer Liqanın XXXIV turunda "Xəzər Lənkəran"ın qapısına yol tapıb.
O, matçın 14-cü dəqiqəsində hesabı açaraq "qol orucu"nu pozub. Əliyev Premyer Liqada son qolunu 2014/15 mövsümünün ilk yarısında vurmuşdu. Həmin vaxt "Xəzər Lənkəran"da oynayan forvard 2014-cü ilin 26 oktyabrında baş tutan "Qarabağ"la matçda rəqib qapısına yol tapmışdı. Rauf ondan sonra "Xəzər Lənkəran"ın heyətində 3, 2014/15 mövsümünün ikinci yarısında "Neftçi"nin heyətində 11, cari mövsümdə "İnter"də 7 olmaqla 21 Premyer Liqa matçına çıxsa da, fərqlənə bilməmişdi. Bu gün "Xəzər Lənkəran"ı məyus edən hücumçu 563 gün sonra çempionatda qol sevinci yaşayıb.
Rauf Əliyev rəsmi oyunlarda son qolunu 2015/16 mövsümündə Avropa Liqasında vurub. "İnter"in turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyardar" klubuna qarşı keçirdiyi oyunun (2:2) start heyətində yer alan futbolçu əlavə vaxtda fərqlənərək komandasını 2-ci təsnifat mərhələsinə çıxarmışdı. Ötən ilin 23 iyulundan sonra rəsmi matçlarda fərqlənməyən Rauf bu sevinci 293 gün sonra yaşayıb.
Fanat.az