Ramil Şeydayevin xidmətində maraqlı olan digər klubun adı açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə futbolçunun meneceri meneceri Sergey Kuşov məlumat verib.
Menecer "Matç TV"yə açıqlamasında bildirib ki, futbolçunu Moskva "Spartak"ı istəyib: "Ramilin xidmətində maraqlı olan klublardan biri “Spartak” idi. Amma məsələ konkret danışıqlara qədər gəlib çıxmamışdı. Nəticədə Türkiyə variantına üstünlük verdik”.
Sergey Kuşov Ramilin "Trabzonspor"u seçməsinin səbəbini də açıqlayıb: "Azərbaycan və türk dillərinin oxşar olması onun seçiminə təsir etdi. Dil amili onun adaptasiyasına kömək olmalıdı. Ramil “Trabzonspor”la 3+1 formatında müqavilə bağlayıb. Bu müddətdə isə o, 1,6 milyon avro qazanacaq”.
Menecer Şeydayevin “Zenit”lə yeni müqavilə bağlamamasının səbəblərini də açıqlanıb. Sergey Kuşov bildirib ki, Sankt-Peterburq klubunun Şeydayevə təklif etdiyi müqavilə onları razı salmayıb: “Ümumiyyətlə, yeni müqavilənin şərtləri heç müzakirə də olunmadı. “Zenit” poçtla bizə şablon bir müqavilə göndərdi. Bu müqaviləyə əsasən, Ramil ayda 300 min rubl (təqribən 4700 dollar - red.) maaş alacaqdı. Amma bu da başlıca səbəb deyildi. Ramil daha da inkişaf etmək, əsas komandada oynamaq və böyük futbolda şans qazanmaq istəyirdi, nəinki birinci liqada”.
Fanat.az