Səudiyyə Ərəbistanı və İranın futbol komandaları Asiya Çempionlar Liqasındakı oyunlarını neytral meydanlarda keçirəcəklər. Buna səbəb kimi iki ölkə arasındakı münasibətlərin yaxşılaşmaması göstərilib.
Bu isə o deməkdi ki, C qrupunda yer alan Cənubi Azərbaycanın "Traktorsazi" klubu aprelin 6-da "Əl Hilal"ı Təbrizdə qəbul edə bilməyəcək. Eyni zamanda aprelin 19-da nəzərdə tutulan təkrar qarşılaşma Səudiyyə Ərəbistanında təşkil olunmayacaq. 3 turdan sonra "Traktorsazi" 6 xalla qrup lideri, "Əl Hilal" isə 5 xalla qrup ikincisidi.
Qeyd edək ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər 47 nəfərin, o cümlədən, din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasından sonra gərginləşib. Buna etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər. Nəticədə Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətlərini kəsib.("Report")
Fanat.az