Rio-de-Janeyro Yay Olimpiya Oyunları davam edir. Fanat.Az xəbər verir ki, güləş yarışlarının ikinci günündə daha 2 dəst medal öz sahibini tapacaq.
Yunan-Roma güləşçiləri 85 kq və 130 kq çəki dərəcələrində çempionu müəyyənləşdirəcəklər. İlk gündə mükafata həsrət qalan yığmamız bu gün hər 2 çəki dərəcəsində təmsil olunur.
85 kq çəki dərəcəsində Saman Təhmasibi mübarizəyə 1/16 finaldan başlayıb. Legionerimiz Rusiyanı təmsil edən gürcü əsilli Davit Çakvetadze qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə keçib. İlk hissədən təşəbbüsə yiyələnən və 3 xal qazanan rusiyalı sona kimi üstünlüyünü qoruyub. Saman isə məğlubiyyətdən qaça bilməyib. Nəticədə pəhləvanımız qızıl medal şansını itirib.
Çakvetadze finala yüksəldiyi üçün, o, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılıb. İlk təsəlliverici görüşdə təmsilçimizin rəqibi İran güləşçisi Comeh Həbibullah Əxlaqi olub. Təhmasibi 2:3 hesabı ilə məğlub olaraq çıxışını başa vurub.
Qeyd edək ki, 130 kq çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti 1/8 finalda debüt edəcək. Avropa Oyunları gümüş mükafatçısının ilk rəqibi amerikalı David Smit olacaq. Görüş saat 17.40-da başlayacaq.
Fanat.Az